Yaxın Şərqdə gərginliyi artıran hücumun pərdəarxası: ABŞ mətbuatı detalları açıqladı

Yaxın Şərqdə gərginliyi artıran ABŞ bazasına pilotsuz təyyarə hücumu ilə bağlı diqqətçəkən təfərrüat məlum olub.

Gununsesi.info xəbər verir ki, Amerika mətbuatı 3 ABŞ əsgərinin öldüyü, 34 əsgərin yaralandığı İordaniyadakı hərbi bazaya PUA hücumunun necə baş verdiyini yazıb.

Hücum zamanı bazaya ABŞ-a məxsus PUA-nın gəlib-gəlmədiyi və eyni zamanda bazaya gələn digər düşmən PUA-nın “dost, yoxsa düşmən” olduğu bəlli olmadığı üçün müdaxilə olmadığı üzə çıxıb.

Hücumun təfərrüatları “Wall Street Journal”da dərc olunan xəbərdə paylaşılıb. PUA ilə hücuma məruz qalan ABŞ bazasının “Patrio”t Hava Hücumundan Müdafiə Sistemləri tərəfindən qorunmadığı ortaya çıxsa da, ABŞ rəsmiləri hücumla bağlı yeni detalları ictimaiyyətlə paylaşıb.

ABŞ rəsmiləri açıqlamasında bildiriblər ki, ABŞ ölümcül hücumu dayandıra bilməyib, çünki düşmən PUA-sı hədəfinə yaxınlaşarkən ABŞ-ın daha bir PUA-sı bazaya qayıdıb. Hücum zamanı ABŞ pilotsuz təyyarəsinin bazaya qayıtması yaxınlaşan pilotsuz təyyarənin “dost və ya düşmən” olması ilə bağlı bəzi çaşqınlıqlara səbəb olub.

ABŞ prezidenti Co Bayden ilk olaraq dünən Ağ Evdən verdiyi yazılı açıqlamada İordaniya-Suriya sərhədindəki ABŞ hərbi bazasına pilotsuz təyyarənin birtərəfli hücumu nəticəsində 3 ABŞ əsgərinin həyatını itirdiyini açıqlayıb.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) da hücumda 25 nəfərin yaralandığını, daha sonra isə yaralıların sayını 34-ə çatdırdığını bildirib.

Gununsesi.info