Tərtər İcra Hakimiyyətindən Müstəqim Məmmədovun həbsi ehtimalına reaksiya

Tərtər Rayon İcra Hakimiyyəti Gununsesi.info-nun adıçəkilən rayonun icra başçısı Müstəqim Məmmədovun həbs ediləcəyinə dair iddialara münasibət bildirib.
Rayon icra hakimiyyətindən Gununsesi.info-ya göndərilən açıqlamada deyilir.
“Bildiririk ki, 31 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Tərtər Rayon İcra hakimiyyətində əməliyyat keçirib və icra hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiri-baş memar Tofiq Kərimov saxlanılıb. Faktla bağlı başlanmış cinayət işi üzrə Tofiq Kərimov Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə istintaqa cəlb olunub, məhkəmənin qərarı ilə barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilib. Tofiq Kərimov 01 avqust 2023-cü il tarixdə tutduğu vəzifədən azad edilib.
Təqsirləndirilən şəxsin digər qanunazidd əməlləri, habelə iş üzrə digər təqsirli şəxslərin əhatə dairəsini istintaq qrupu müəyyənləşdirdiyi üçün rayon icra hakimiyyəti bu barədə məlumat vermək səlahiyyətinə malik deyil. İstintaqın gedişi ilə bağlı vətəndaşlara Respublika prokurorluğu tərəfindən məlumat veriləcək.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 31 iyul 2023-cü il tarixdən əmək məzuniyyətindədir. Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Tərtər Rayon İcra hakimiyyətində əməliyyat aparılan zaman o, işdə olmayıb.”
Qeyd edək ki, bir neçə gün öncə həbs edilən memarın Müstəqim Məmmədovun əleyhinə ifadə verməsi onun istintaqa çağırılması barədə xəbər yayılmışdır.
Şəbnəm
Gununsesi.info