“Çox səbirli insanam. Röya hər zaman mənə deyir ki, çox istərdim səndə olan səbirin bir faizi məndə olsun. Özümdən çıxdığım vaxtlar da olur. Birdən partlayıram. Hirsimi və əsəbiləşdiyimi tanımadığım insanların yanında büruzə vermirəm. Bunu yalnız ətrafım və yaxınlarım görə bilir. Ən çox iş prosesində əsəbiləşirəm. Kinli insan deyiləm. Olub ki, həmkarlarımdan incimişəm. Amma kin saxlamamışam. Pisliyi və yaxşılığı heç zaman unutmuram. Mənə pislik edənə əsla pisliklə cavab vermirəm”.
Gununsesi.org Oxu.Az-a istinadla xəbər verir ki, bu sözləri müğənni Sevda Yahyayeva “MTV Azərbaycan” telekanalında yayımlanan “Ulduzun vaxtı” əyləncəli-musiqili proqramda qonaq olarkən deyib.
Sənətçi “Bu həyatda problemsiz insan yoxdur” deyimini belə şərh edib:
“Heç bir problemim və dərdim yoxdur. Hər bir insanın özünə görə çətinlikləri var. Amma məndə bunlar dərin və çözülməyəcək dərəcədə deyil. Hər anıma şükür edirəm”.
Sevda həkim nişanlısı Zakir Bayramovdan söz açaraq, tanışlıqları barədə danışıb:
“İstəməzdim ki, nişanlandığım barədə xəbərlər belə erkən yayılsın. Lakin bu məlumatlar yayılandan sonra qərara gəldim ki, “Instagram” hesabımda bu xəbəri təsdiqləyim. Zakirlə (nişanlısı – red.) həyatda tanış deyildim. Uzun müddət məni televiziyada izləyib. Əlaqə nömrəm onda olmadığı üçün “Instagram” hesabıma yazmışdı. Yazmamışdan öncə çox düşünüb. Xoşuna gəldiyim üçün qərar verib ki, yazsın. Bu, qismətdir.
İxtisası həkim-genetik olsa da, musiqini çox sevir. Onun musiqi zövqünü çox xoşlayıram. Mənə də stimul verir”.
“Heç vaxt xəyal qurmamışam ki, mənim belə gözəl gəlinliyim, dəbdəbəli toyum olsun” deyən S.Yahyayeva bu mövzuda fikirlərinə belə davam edib:
“Əsas odur ki, xoşbəxt ailə həyatım olsun. Zakirlə bir-birimizi tanımağa kifayət qədər zamanımız oldu. Evliliklə bağlı xüsusi düşüncələrim yoxdur. Ailədə xoşbəxtliyi qarşılıqlı anlayışda görürəm. Bu varsa, hər şey yaxşı olacaq. Sevgi də bundan sonra başlayır”.
Verilişin aparıcısının “Gələcəkdə Z.Bayramov sizi seçim qarşısında qoyarsa, sənəti, yoxsa ailəni seçərsiniz?” sualına müğənni belə reaksiya verib:
“Buna görə Zakirlə dava etmərəm. Sənətimi çox sevirəm. Səhnədə olmağı çox istəyirəm. O, mənə bununla bağlı qadağa qoymur. Əksinə, dəstəkləyir. Lakin gələcəkdə seçim qarşısında qalsam, əlbəttə ki, ailəmi seçərəm”.
Qeyd edək ki, müğənni Sevda Yahyayeva Zakir Bayramov adlı şəxslə nişanlanıb. Z.Bayramov “Leyla Şıxlinskaya” klinikasında genetik-laborant olaraq çalışır.
Gununsesi.org
COMMENTS