“İstər polis əməkdaşı, istərsə də vətəndaş tərəfindən yol verilmiş hər bir qanunazidd hərəkət hüquqi qiymətini alacaq və nəticələri üzrə müvafiq tədbirlər görüləcək”.
Bunu Gununsesi.org-un sorğusunu cavablandırarkən Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Ehsan Zahidov bildirib.
DİN rəsmisi sosial şəbəkələrdə sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə daxili işlər orqanları tərəfindən görülmüş işlər barədə məlumatlar yayımlanmması ilə bağlı suala verdiyi cavabında isə vətəndaşlara yaşadıqları yeri tərk etməmələri ilə bağlı çağırış edib.
“Bir daha vətəndaşlarımıza sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə yaşadıqları ünvanı tərk etməmək barədə çağırışlarımızı anlayışla qarşıladıqlarına görə təşəkkürümüzü bildirirəm. Lakin təəssüflə onu da qeyd edim ki, ayrı-ayrı vətəndaşlar tərəfindən karantin rejiminin pozulması və digər qanunazidd hallara yol verilib”, deyə Zahidov bildirib.
Sosial şəbəkələrdə bu cür qanun pozuntularına dair, həmçinin polislə də bağlı videogörüntülər yer alıb. Bununla əlaqədar hansısa tədbir görülürmü sualını isə DİN-in Mətbuat Xidmətinin başçısı bu cür cabablandırıb:
“Sözsüz ki, həmin görüntülərlə bağlı araşdırmalar aparılır. İstər polis əməkdaşı, istərsə də vətəndaş tərəfindən yol verilmiş hər bir qanunazidd hərəkət hüquqi qiymətini alacaq və nəticələri üzrə müvafiq tədbirlər görüləcəkdir”.
COMMENTS