
Pakistanın keçmiş baş naziri Nəvaz Şərif 2019-cu ilin noyabr ayından bəri olduğu Londondan ölkəsinə qayıdıb.
Gununsesi.info xəbər verir ki, Pakistan mətbuaıntda yayılan məlumatlara görə, Şərif və onun partiya üzvlərini daşıyan şəxsi çarter təyyarəsi paytaxt İslamabadın hava limanına enib.
Təxminən 4 ildən sonra Pakistana qayıdan Şərif İslamabadda vəkilləri ilə görüşdükdən sonra Lahora gedəcək və orada onun üçün hazırlanan mitinq meydanında çıxış edəcək.
İslamabad Ali Məhkəməsi Nəvaz Şərifin oktyabrın 19-da mühakimə olunduğu iki korrupsiya işi üzrə oktyabrın 24-dək müvəqqəti zaminə buraxıldığı halda, başqa bir məhkəmə keçmiş baş nazirə qarşı həbs qərarını dayandırıb. Beləliklə, Şərifin ölkəyə qayıtmasının yolu açılıb.
Panamadakı ofşor hesablarla bağlı məlumatların paylaşıldığı “Panama sənədləri” qalmaqalında adı hallanan Nəvaz Şərif 2017-ci ildə Konstitusiya Məhkəməsi tərəfindən tutduğu vəzifədən uzaqlaşdırılıb.
Haqqında həbs qətimkan tədbiri seçildikdən sonra 10 ay həbsdə qalan Şərif səhhətindəki problemlərə görə müalicə almaq üçün 2019-cu ilin noyabrında 2 ay müddətinə azadlığa buraxılıb.
Ali Məhkəmə müalicə üçün 8 həftə həbsxanadan çıxmasına icazə verilən Şərifin bu müddətin maksimum 4 həftəsini xaricdə keçirə biləcəyinə və həkimlərin tələbi ilə bu müddətin uzadılmasına qərar verib.
Bu qərardan sonra 2019-cu ilin noyabrında müalicə üçün İngiltərəyə gedən Nəvaz Şərif Londonda məskunlaşıb.
2020-ci ilin dekabrında İslamabad Ali Məhkəməsi korrupsiyada mühakimə olunduğu işlərdə iştirak etməyən keçmiş baş nazir Şərifi “ədalətdən qaçan şəxs” elan edib.
Pakistana qayıtmaq üçün barəsində çıxarılan məhkəmə qərarlarına etiraz edən Şərif 1990-1993, 1997-1999 və 2013-2017-ci illərdə üç dəfə baş nazir olub.
2022-ci il noyabrın 10-da Nəvaz Şərifə diplomatik pasport verilib və hökumət rəsmiləri onun ölkəyə qayıtması üçün hüquqi bazanın hazırlandığını bəyan ediblər.