İsrail Qəzza zolağının şimalında 20 xəstəxananın boşaldılması barədə xəbərdarlıq etdi

İsrail ordusu blokada altında olan Qəzza zolağında 20 xəstəxananın təxliyəsi ilə bağlı xəbərdarlıq edib.

Gununsesi.info xəbər verir ki, bu barədə İsrailin KAN dövlət televiziyası İsrail təhlükəsizlik xidmətindəki mənbələrə istinadən məlumat yayıb.

Məlumatda Qəzza zolağının şimalındakı 20 xəstəxanadan 6-nın təxliyə edildiyi qeyd edilir. Eyni zamanda, dörd xəstəxana evakuasiya əmrini rədd edib, qalan klinikalar isə təxliyə mərhələsindədir.

Oktyabrın 7-də səhər saatlarında HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam briqadaları İsrailə qarşı “Əl-Əqsa tufanı” əməliyyatının başladığını elan edib. Qəzza zolağından İsrailə doğru minlərlə raket atılıb, silahlı qruplar İsrail yaşayış məntəqələrinə daxil olub.

HƏMAS bildirib ki, əməliyyat işğal altındakı Şərqi Qüdsdə Əl-Əqsa məscidinə hücuma və İsrailin fələstinlilərə qarşı artan zorakılığına cavabdır.

Buna cavab olaraq İsrail ordusu Qəzza zolağında HƏMAS-a qarşı onlarla döyüş təyyarəsindən istifadə edərək “Dəmir qılınclar” əməliyyatına başladığını elan edib.

İsrail-Fələstin münaqişəsinin gərginləşdiyi vaxtdan bəri 4300-dən çox fələstinli və 1400 israilli həlak olub.