
“May ayında Rusiyanın neft gəlirləri illik müqayisədə 50% artıb”.
Gununsesi.info xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
Məlumata görə, bu vəziyyət Rusiya neftinin bahalaşması və ölkənin sanksiyalara uyğunlaşması ilə izah olunur.
Rusiya Maliyyə Nazirliyinin məlumatına görə, 2024-cü ilin ilk dörd ayı ərzində neft və qaz gəlirləri təxminən 4,16 trilyon rubl təşkil edib ki, bu da illik ifadədə 82,2% çoxdur.
Eyni zamanda may ayında neftlə bağlı vergilər 632,5 milyard rubla, neft və qazdan əldə olunan ümumi gəlir isə 39% artaraq 793,7 milyard rubla çatıb.
Bloomberg bu dinamikanı Rusiyanın Urals neftinin bahalaşması, Moskvanın Asiya bazarlarına neft sataraq və kölgə donanmasından istifadə etməklə sanksiyalara uyğunlaşması ilə əlaqələndirir.
Aprelin ortalarında Bloomberg məlumat verib ki, Urals neftinin Baltik və Qara dənizdəki limanlardan daşındığı zaman bir barelinin qiyməti təxminən 75 dollardır ki, bu da G7 ölkələrinin müəyyən etdiyi 60 dollar qiymət limitindən 15 dollar bahadır.
Eyni zamanda, aylıq ifadədə neft və qaz gəlirləri may ayında faktiki olaraq 35%-dən çox azalıb.
Bildirilir ki, bunu ildə dörd dəfə ödənilən faydalı qazıntıların hasilatı vergisinin ödənişləri ilə əlaqədardır.
Məlumata görə, hökumətin daxili bazara tədarük üçün demək olar ki, 202 milyard rubl ödədiyi benzin və dizel yanacağı istehsalçılarına subsidiyalar olmasaydı, may ayında Rusiyanın neft gəlirləri daha da yüksək ola bilərdi.
Bununla belə, neft və qaz gəlirlərinin illik ifadədə artmasına baxmayaraq, Rusiya neft və qaz sənayesindən əldə olunan gəlirlərin 2024-cü ildə ilkin hesablamalar üzrə 11,5 trilyon rubl əvəzinə 10,99 trilyon rubla qədər azalacağını gözləyir.
Şəbnəm
Gununsesi.info