Rusiya və BMT İranla Pakistanı “təmkinli” olmağa çağırır

Rusiya və Birləşmiş Millətlər Təşkilatı (BMT) İran və Pakistanı maksimum təmkinli olmağa və problemləri diplomatik yolla həll etməyə çağırıb.

Gununsesi.info bildirir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova İran və Pakistan arasında yaşanan gərginliklə bağlı yazılı açıqlama verib.

XİN rəsmisi İran-Pakistan sərhədində vəziyyətin gərginləşməsindən narahat olduqlarını bildirib.

“Tərəfləri maksimum təmkinli olmağa və yaranan problemləri diplomatik üsullarla həll etməyə çağırırıq. Bir daha vurğulayırıq ki, öz ərazilərindən kənarda aparılan antiterror əməliyyatları müvafiq dövlətlərin administrasiyası ilə razılaşdırılaraq həyata keçirilməlidir. Təəssüflə qeyd edirik ki, bu, bizim tərəfdaşlıq münasibətləri qurduğumuz Şanxay Əməkdaşlıq Təşkilatı dövlətləri arasında baş verir. Gələcəkdə vəziyyətin daha da gərginləşməsi regionda sülh, sabitlik və təhlükəsizliyin tərəfdarı olmayanların xeyrinə olacaq”, – deyə o qeyd edib.

İran və Pakistanın ixtilaflarını tezliklə həll edəcəkləri ümidini bölüşən Zaxarova beynəlxalq terrorizmin bütün forma və təzahürlərinə qarşı mübarizədə əməkdaşlığa hazır olduqlarını vurğulayıb.

BMT-nin sözçüsü Stefan Dujarrik gündəlik mətbuat konfransında jurnalistlərə açıqlama verib.

BMT-nin baş katibi Antonio Quterreşin İran və Pakistan arasında artan gərginlikdən dərin narahat olduğunu bildirən Düjarrik hər iki tərəfdən insan itkisinin olduğunu bildirib.

Düjarrik ümumilikdə bölgədə artan gərginliyin narahatlıq doğurduğunu və Quterreşin tələb olunarsa dəstək verməyə hazır olduğunu bildirib.

“Biz maksimum təmkinliyə çağırırıq” deyən Düjarrik əlavə edib ki, İran və Pakistan bütün problemlərini “dinc yolla, dialoq və əməkdaşlıqla” həll etməlidir.

Düjarrik qeyd edib ki, həll yolu suverenlik və mehriban qonşuluq prinsipləri çərçivəsində həyata keçirilməlidir.

İranın yarı rəsmi “Təsnim” xəbər agentliyi yanvarın 16-da Ceyşul Ədl təşkilatının Pakistandakı düşərgələrinin raketlər və pilotsuz uçuş aparatları ilə hədəf alındığını açıqlayıb.

Pakistan Xarici İşlər Nazirliyi İranın yanvarın 16-da sərhəddə yerləşən Bəlucistan əyalətinin Pəncqur bölgəsinə hava hücumu təşkil etdiyini, 2 uşağın öldüyünü, 3 qızın isə yaralandığını açıqlayıb.

Gununsesi.info