Prezidentliyə namizədlər siyasi məhbusların taleyi haqqında nə düşünür? - ÖZLƏRİ DANIŞIR

  • By admin
  • 15 Yanvar 2024 08:00

Növbədənkənar prezident seçkilərinə sayılı günlər qalır. 

Bu proses ölkədə həm də çoxsaylı ictimai-siyasi fəalların, jurnalistlərin həbsi ilə müşahidə olunur.

Ötən müddət ərzində Azərbaycanın üzv olduğu təşkilatlardan tutmuş, dünyanın nüfuzlu insan haqları qurumları , o cümlədən ABŞ və Avropa İttifaqı hökuməti  siyasi məhbusları azad etməyə çağırıb.

Bəs görəsən,  seçkilərə İlham Əliyevin rəqibi kimi qatılan siyasətçilər bu barədə nə düşünür? 

 

Gununsesi.info bu sualla prezidentliyə namizədlərə müraciət edib.

 

QÜDRƏT HƏSƏNQULİYEV: “BEYNƏLXALQ TƏŞKİLATLARIN SİYAHISINDA OLAN ŞƏXSLƏR AZADLIĞA BURAXILMALIDIR”

BAXCP sədri Qüdrət Həsənquliyev isə bu barədə onun seçki platformasında mövqeyi əks olunub:

 

“Bizim seçki platformamızda uğur qazanacağımız halda, Qarabağ üzərində dövlət suverenliyinin bərpası ilə əlaqədar geniş amnistiya aktının qəbul edilməsi nəzərdə tutulub. Biz hər zaman şəxsiyyət və dövlət əleyhinə ağır cinayətlər törətmiş şəxslər istisna olmaqla, beynəlxalq insan hüquqlarını müdafiə təşkilatları tərəfindən haqlı və haqsız olmalarından asılı olmayaraq, siyasi motivlərlə tutulduğu iddia olunan şəxslərin azad olunmasının vacibliyini vurğulamışıq. Həmin təşkilatlar daha çox ayrı-ayrı güclərin maraqlarına xidmət edir. Bu nə qədər təəssüfedici olsa da, onlar ölkələrdə qanunun aliliyinə dair beynəlxalq rəy formalaşdıra bilirlər.  Beynəlxalq imici qanunun aliliyinin təmin olunmamasına görə korlanmış ölkəyə isə heç kim investisiya yatırmır, əməkdaşlıqdan çəkinir. Həmin şəxslər həm də ona görə azad olunmalıdır ki, onlar ölkədə nə siyasi sabitliyə ,nə də əminamanlığa heç bir təhlükə yaratmaq gücündə deyillər”.

 

Həsənquliyevin fikrincə, iqtidar xarici ölkələrin dövlətimizin daxili işlərinə müdaxiləsini, radikal mövqeyi ilə seçilən şəxsləri maliyyələşdirməsini milli təhlükəsizlik məsələsi hesab edir: “Ona görə də buna sərt reaksiya verir. İqtidar xarici dövlətlərin bizim Şərq mentalitetinə məxsus olmağımızı nəzərə alaraq, qızları qabağa verməsini, onlardan istifadə cəhdini görür və jurnalist qızlar barəsində həbs qətimkan tədbiri seçməklə hamıya mesaj göndərir ki, heç bir güzəşt olmayacaq. Qərbdəki bəzi dairələr isə düşünürlər ki, qızlar həbs olunarsa, bu, Şərq mentalitetli müsəlman ölkəsində birmənalı qarşılanmayacaq. İstədikləri də budur. Düşünürəm jurnalist qızlar daxil, onların yaxınları, hər kəs bu həbslərdən nəticə çıxaracaq. Gənclər xarici dairələrin əlində alət olmamalıdır. İqtidarı  qızlar barəsində seçilmiş həbs qətimkan tədbirini dəyişməyə çağırıram.  Hətta onlara yönələn ittihamlar məhkəmə hökmlərində öz təsdiqini taparsa belə, onlara azadlıqdan mərhumetmə ilə əlaqədar cəza təyin olunmasın. Qərbdəki bəzi dairələr Azərbaycana qarşı iyrənc siyasət aparır. Bir qrup şəxsə sığınacaq verib, onların vasitəsilə bütün milli mənəvi dəyərləri terror edir, qızlardan öz çirkin məqsədləri üçün istifadə edirlər. Bütün bunlara baxmayaraq, qərar qəbul etmək səlahiyyəti olan şəxsləri Şərq kişilərinə xas olan böyüklük və humanizm nümayiş etdirməyə, jurnalist qızların azad edilməsinə kömək etməyə çağırıram”.

FAZİL MUSTAFA: “BÖYÜK AMNİSTİYA AKTINA EHTİYAC VAR”

Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa da hesab edir ki, siyasi kimliyindən asılı olmayaraq, bütün qanunsuz həbs olunan şəxslər azadlığa buraxılmalıdır: “Mənim üçün siyasi fəal, yaxud da hər hansı əlahiddə şəxs anlayışı yoxdur.  Qanunsuz həbs olunmuş kimsə varsa, azad olunmladır.  Həmin şəxs jurnalist, iş adamı və sair başqa peşənin də sahibi ola bilər. Məsələyə insan hüquqları prizmasından yanaşmaq lazımdır. Belə şəxslər varsa, azadlığa çıxmalıdır”.

Bununla belə Fazil Mustafa deyir ki, prezidentliyə namizəd kimi böyük amnistiya aktına ehtiyac olduğunu düşünür: “Bu gün həbsxanalarda sıxlıqdır. Həbsxanalar boşaldılmalıdır. Başqa motivli yüngül cinayət törədənlər də çoxdur. Bizdə azadlıqdan məhrumetmə cəzası daha çox seçilir. Alternativ cəzalara meyillilik azdır”.

RAZİ NURULLAYEV: “ONLARIN İŞİNƏ YENİDƏN BAXILMASINI İSTƏYİRƏM”

Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev deyib ki, onun bu həbslərlə bağlı konkret mövqeyi yoxdur: “Mən İnsan Hüquqları Komitəsinin üzvüyəm. Həmin şəxslərin özləri, yaxud da bir başqa yaxınları mənə müraciət etsələr, bu barədə detallı bilgim olar. Araşdırmadan konkret nəsə deyə bilmirəm. Bildiyim yalnız həmin həbslər barədə məhkəmə qərarlarıdır”.

 

“Azərbaycanda məhkəmələrin bu cür qərarları sonradan Avropa Məhkəməsində tanınmır, siz hesab edirsiniz ki, məhkəmələr ədalətli qərar verib?” sualına Razi Nurullayev belə cavab verib: 

“Mən konkret şəxslər haqqında deyim:  Bəxtiyar Hacıyevi mənə müraciət etmişdi. O zaman ona dedim ki, bəzi hərəkətləri ona qanunla ciddi problem yaradacaq. Sonradan bəzi dostları da bunu dedi.

Qubad İbadoğlunun məsələsi isə bağlı mövqeyim açıqdır. Ortada cinayət işi var. Mən onun işinin ədalətli olmasını istəyirəm. O,  dünyanın nüfuzlu ali məktəblərində çalışıbsa, demək ki, sıradan bir adam deyil. Onu şəxsən tanıyıram, dostluq münasibətimiz olub. Məhkəmənin qərarını gözləyək. İstərdim ki, məhkəmə bu prosesi ədalətli aparsın. 

Tofiq Yaqubluya gəlincə, hər zaman fikirlərini sərt ifadə edib. Bəzən hanısa olaya lazım olmayan formada münasibətini bildirib. Sonradan da əziyyətini çəkir. O, hər dəfə həbs olunanda mən çox üzülürəm. Mən onunla da uzun bir yol gəlmişəm. İstəməzdim ki,  Azərbaycanda siyasi məhbus olsun. “Siyasi məhbus” ifadəsinin bizdə işlədilməsini istəmirəm. Ümumiyyətlə, hesab edirəm ki, həmin şəxslərin hamısının işinə yenidən obyektiv baxılsın.  Bir məsələni də xüsusi vurğulayım, elə adamlar var ki, onları tanıyıram, amma bu gün onları dəstəkləməyim üçün yer qoymayıblar”. 

Afət Abbasova

Gununsesi.info