
Ali Məhkəmənin yeni sədri İnam Kərimov Prezident İlham Əliyevin 4 il əvvəl imzaladığı “Məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi” haqqında fərmanından danışıb.
Gununsesi.info bildirir ki, Ali Məhkəmə sədri ötən müddət ərzində bu fərmandan irəli gələn bir məsələlər həllini tapıb(?).
İnam Kərimov deyib:
“”Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 aprel tarixli Fərmanı yeni Azərbaycanın yeni dövrünün məhkəmə sistemində yeni mərhələnin başlanması kimi qəbul edilən ciddi islahatların əsasını qoyub. Sözügedən Fərmanın icrası istiqamətində görülən işlər nəticəsində qanunvericiliyə çoxsaylı dəyişikliklər edilib.
Bu dəyişikliklərlə Ali Məhkəmənin praktikasında olmuş boşluqlar aradan qaldırılıb. Ali Məhkəmənin qərarları ilə hüquqi müəyyənliyə mane olan məhkəmə praktikası dəyişdirildi. Ali Məhkəmənin vahid məhkəmə təcrübəsinin formalaşdırılması mexanizmləri təsbit edildi. Məhkəmələrdə süründürməçiliyə səbəb ola biləcək halların qarşısının alınması üçün yeni metodlar tətbiq olundu. Məhkəmə icraatı təkmilləşdirildi. Məhkəmə sistemində yüksək peşə bacarıqlarına malik insan kapitalı formalaşdırmaq, hakimlərin və məhkəmə işçilərinin sosial təminatını gücləndirmək istiqamətində mühüm işlər həyata keçirilməkdədir.
Möhtərəm cənab Prezidentin də qeyd etdiyi kimi, məhkəmə islahatları daim davam edən prosesdir”.
Günel
Gununsesi.info