
Amerikanın “Politico” nəşri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı “2024-cü ildə Avropanın ən nüfuzlu adamları” siyahısına daxil edib.
Gununsesi.info xəbər verir ki, nəşr gələn il “Avropanın siyasi həyatını formalaşdıracaq” 28 nəfərin siyahısını dərc edib.
Siyahıdakı bütün şəxslər üç kateqoriyaya bölünür.
Türkiyə lideri “siyasi xadimlər” kateqoriyasında beşinci yeri tutub. “Politico” onu “vasitəçi” adlandırıb.
“Politico” saytındakı məlumatda qeyd olunur ki, Ərdoğan uzun müddətdir ki, özünü “güclü geosiyasi lider” kimi göstərməyə çalışır. Nəşr siyasətçinin 2016-cı ildə uğursuz çevriliş cəhdindən sağ çıxdığını xatırladıb. Materiala görə, Ərdoğan “son vaxtlar ən çox iki böyük geosiyasi böhrandan faydalanıb: Rusiya-Ukrayna müharibəsi və İsraillə HƏMAS arasındakı münaqişə”.
Nəşr göstərir ki, Ərdoğan həm Kremllə, həm də Ukrayna prezidentinin administrasiyası ilə əlaqə saxlayan azsaylı siyasətçilərdən biridir. Məqalədə qeyd olunur ki, Türkiyə prezidenti Rusiya Federasiyası ilə Ukrayna arasında silahlı münaqişənin sülh yolu ilə həllində vasitəçilik rolunu öz üzərinə götürüb.
Türkiyə dövlət başçısının Qara Dəniz Taxıl Təşəbbüsünün təşəbbüskarı olduğu və taxıl sazişinin müddətinin uzadılması üçün səylər göstərdiyi də vurğulanıb.
Türkiyə prezidentinin İsraillə HƏMAS arasındakı münaqişə fonunda vasitəçilik missiyası istəməsi də vurğulanıb. Nəşr yazır ki, Ərdoğan İsrail prezidenti İsxak Hersoq, Fələstin prezidenti Mahmud Abbas, eləcə də Misir, Livan və Qətər liderləri ilə təmaslar yolu ilə vəziyyətin deeskalasiyasına nail olmaq istəyib.
“Politico” qeyd edir ki, vəziyyət yarandıqca Ərdoğan Fələstin tərəfdarı mövqe nümayiş etdirərək, İsraili “işğalçı” adlandırıb.
Nəşr eyni zamanda yazır ki, Ərdoğan “özünü Avropa İttifaqının orbitinə qaytarmağa çalışıb” və Türkiyənin Aİ-yə üzvlük prosesini “durğun vəziyyətdən” çıxarmaq üçün İsveçin NATO-ya daxil olması məsələsindən “istifadə edib”.
“Politico” vurğulayır ki, Türkiyənin Aİ-yə üzvlük məsələsi hazırda masada olmasa da, “Aİ rəsmiləri Ərdoğanla əməkdaşlığı genişləndirmək yollarını axtarırlar”. Nəşr bunu “Türkiyə liderinin növbəti geosiyasi qələbəsi” adlandırır.
“Aktiv” kateqoriyasında birinci yeri İtaliyanın baş naziri Giorgia Meloni, ikinci yeri isə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen tutub. Daha sonra Fransa prezidenti Emmanuel Makron və Ukrayna prezidentinin ofisinin rəhbəri Andriy Yermak gəlir.
Gununsesi.info