ABŞ Qırmızı dəniz üzərində İranın kamikadze pilotsuz təyyarəsini vurdu

“USS Carney” Yəməndə İranın dəstəklədiyi Ənsarullah (Husi) hərəkatının nəzarətində olan ərazilərdən buraxılan kamikadze pilotsuz uçan aparatı Qırmızı dəniz üzərində vurub.

Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) X sosial şəbəkəsində yerləşdirilmiş məlumatında ​​deyilir.

İran istehsalı olan “Samad-3” kamikadze pilotsuz təyyarəsi bölgəyə hərbi texnika daşıyan iki hərbi gəmini müşayiət edən esminesə yaxınlaşarkən vurulub.

Mərkəzi Komandanlıq Amerika esminesinin heç bir zərər görmədiyini qeyd edib.

Hərbi texnikanın təyinatı dəqiqləşdirilməyib, lakin məlumdur ki, ABŞ İsrailin Qəzza zolağına hücumları başlayandan bəri bu ölkəni çoxlu sayda silah və hərbi texnika ilə təmin edib.

Bundan əvvəl Yəmən husiləri oktyabrın 31-dən etibarən Ənsarullah hərəkatının raketlər və pilotsuz uçuş aparatlarından (PUA) istifadə edərək İsrailə dəfələrlə hücum etdiyini bildiriblər.

Noyabrın 19-da husilər Qırmızı dənizdə İsrail gəmilərinə hücum edəcəkləri ilə hədələyib və daha sonra İsrail şirkətinə məxsus ticarət gəmisini ələ keçirdiklərini bəyan ediblər.

Noyabrın 23-də Mərkəzi Komandanlıq bildirib ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin esminesi Tomas Hudner Qırmızı dəniz üzərində hutilərin nəzarətində olan ərazilərdən atılan çoxlu sayda kamikadze pilotsuz təyyarəni vurub.

Gununsesi.info