İki lider eyni ölkəyə gedir: Sürpriz görüş olacaq?

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Suriya prezidenti Bəşər Əsəd bu gün Səudiyyə Ərəbistanına səfər edəcək. İki liderin eyni vaxtda Ər-Riyadda olması onların görüş keçirib-keçirməyəcəyi sualını gündəmə gətirib.

Gununsesi.info xəbər verir ki, bu gün Səudiyyə Ərəbistanı İsrailin hücumları altında olan Qəzza zolağında baş verən hadisələrin müzakirə olunacağı iki fövqəladə sammitə ev sahibliyi edəcək.

Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) fövqəladə zirvə toplantısına qatılacağı halda, Bəşər Əsəd də  Ərəb Liqası Zirvəsinə qatılacaq. Uzun illər görüşməyən iki liderin Səudiyyə Ərəbistanında görüşüb-görülməyəcəyi maraq doğurub.

Türkiyə Prezident Adminstrasiyasının Kommunikasiyalar İdarəsindən verilən açıqlamaya görə, Ərdoğan İsrailin Qəzza başda olmaqla işğal etdiyi Fələstin torpaqlarına və Fələstin xalqına qarşı hücumlarına münasibət bildirmək üçün təşkil edilən İƏT-in 8-ci Zirvə toplantısına qatılacaq.

Sammitdə İslam dünyası nümayəndələrinin baş verənlərə qarşı atılacaq konkret addımlarla bağlı fikir mübadiləsi aparacağı gözlənilir.

Zirvə toplantısında çıxış edəcək Ərdoğanın iştirakçı liderlərlə də ikitərəfli görüşləri gözlənilir.

Suriya lideri Bəşər Əsəd Türkiyə lideri ilə Ərdoğanın istədiyi şərtlərlə görüşməyəcəyini demişdi. Bu ilin avqust ayında “Sky News Arabia”ya verdiyi müsahibədə Əsəd “Görüş Ərdoğanın şərtləri ilə baş tuta bilməz” demişdi.

Əsəd bundan əvvəlki bir çox açıqlamalarında Türkiyənin Suriyadan qoşunlarını çıxarmaması ilə bağlı “inadkar rəftarından” narahat olduqlarını ifadə edib və Suriya torpaqlarından çəkilmədən Türkiyə ilə normallaşmaya qapalı olduqlarını bildirib.

Ərdoğan iyulun 17-də verdiyi açıqlamada “Bəşər Əsədlə görüşə qapalı deyilik, görüşəcəyik. Bütün məsələ onların bizə yanaşma tərzidir. Təəssüf ki, Əsəd Türkiyənin Suriyanın şimalını tərk etməsini istəyir. Belə bir şey ola bilməz, çünki biz orada terrorla mübarizə aparırıq”, deyib.

Gununsesi.info