Nərimanov Prokurorluğu jurnalistə qarşı işgəncə faktını araşdırır

  • By admin
  • 14 May 2024 10:38

Nərimanov Rayon Prokurorluğu DİN-nin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi tərəfindən həbs edilən dunyaninsesi.az saytının rəhbəri Ərşad İbrahimova qarşı  adıçəkilən idarədə işgəncələrə məruz qalmasını araşdırır.

Bu barədə Gununsesi.info-ya açıqlama verən jurnalistin vəkili Elçin Sadıqov deyib ki, Nərimanov Rayon Məhkəməsi prokurorluğa Ərşad İbrahimova qarşı işgəncələrin araşdırılması üçün məlumat göndərib”.

“Nərimanov Rayon Prokurorluğunun əməkdaşları istintaq təcridxanasında Ərşad İbrahimovla görüşüb.  Ərşad İbrahimov özü də məhkəmədə bildirib ki, həbs edilərkən, döyülüb. Onun döyülməsindən sonra bədənindəki xəsarət izləri  Bakı İstintaq Təcridxanasında qəbul zamanı da müvafiq qaydada rəsmiləşdirilib. Ümumiyyətlə, Ərşad İbrahimov heç bir cinayət törətməyib”. 

Qeyd edək ki, aprelin 2-də Nərimanov Rayon Məhkəməsində “dunyaninsisesi.az” saytının rəhbəri Ərşad İbrahimov barəsində seçilmiş həbs qətimkan tədbirinin
müddəti daha 3 ay uzadılıb.

Xatrıladaq ki, Ərşad İbrahimov AŞ PA-nın media azadlığının durumu ilə bağlı hesabatında Azərbaycanda qanunsuz həbs edilən jurnalistlərdən biri kimi göstərilir.

Qeyd edək ki, 2023-cü ilin sonunda həbs edilən jurnalist 2021-ci ildə hədə-qorxu ilə pul tələb etmədə ittiham olunur.

Afət

Gununsesi.info