Bayden Rusiyaya növbəti sanksiya qanunu imzaladı

ABŞ prezidenti Co Bayden Rusiyadan şüalanmamış və az zənginləşdirilmiş uranın idxalını qadağan edən qanunu imzalayıb.

 

Gununsesi.info xarici mediya istinadən xəbər verir ki, bu qadağa mülki nüvə enerjisində Rusiyadan asılılığı aradan qaldırmaqla Birləşmiş Ştatların enerji və iqtisadi təhlükəsizliyini gücləndirmək məqsədi daşıyır.

Bildirilir ki, nüvə enerjisi üçün yeni ayrılmış 2,72 milyard dolların ABŞ-da yeni zənginləşdirmə imkanlarına təkan verəcək.

Baydenin imzaladığı qanun 90 gün ərzində qüvvəyə minəcək. Sənədə əsasən, 2028-ci ilin yanvarına qədər ABŞ-ın Energetika Nazirliyi başqa tədarük mənbələri olmadıqda, Rusiyadan uranın idxalına icazə verə biləcək. Məhdudiyyətin 2040-cı ilə qədər qüvvədə qalacağı gözlənilir.

Rusiyadan ABŞ-a uranın tədarükünün payı hazırda 20%-ə yaxındır. Son illərdə bu tədarüklərin dəyəri ildə təxminən 1 milyard dollar qiymətləndirilir.

Məlumata əsasən, 2023-cü ildə alışlar 1,2 milyard dollara yüksəlib. Bu, Amerika şirkətlərinin embarqo ərəfəsində səhmlərini artırması ilə bağlı ola bilər.

Dünyanın uranın zənginləşdirilməsi potensialının təxminən 45%-i və zənginləşdirmə xidmətləri üzrə dünya bazarının təxminən 36%-i Rusiyanın payına düşür.

Lakin nüvə enerjisi bazarı Rusiyanın sürətlə Avropadan Asiyaya yönləndirə bildiyi neft bazarından fərqlidir.

Buna görə də uranı Amerika bazarından başqa bazarlara köçürmək mümkün olmayacaq.

 

 

 

Şəbnəm

Gununsesi.info