Köçəryanın dəstəsi parlamentdə Paşinyana etimadsızlıq proseduruna başlayıb

  • By admin
  • 13 May 2024 09:46

Ermənistanda müxalifət baş nazir Nikol Paşinyan barəsində etimadsızlıq səsverməsinin keçirilməsi proseduruna hazırlaşdığını bildirib.

Bu barədə Gununsesi.info erməni mediasına istinadən xəbər verir.

 

Bununla yanaşı bildirilir ki,  Ermənistan Konstitusiyasına görə belə bir təşəbbüslə çıxış etmək üçün parlamentdəki müxalifət partiyalarına azı 36 səs lazımdır. Hazırda onlar yalnız 35 mandata malikdirlər.

Konstitusiyanın 115-ci maddəsinə görə baş nazirə etimadsızlıq səsverməsinin keçirilməsi tələbi ilə çıxış etmək üçün Milli Məclisdəki 107 deputatdan azı 36-sının imzası lazımdır.

Amma parlamentdə keçmiş prezident Robert Koçaryanın Hayastan fraksiyasının 29, daha bir keçmiş prezident Serj Sarkisyana bağlı “Şərəfim var” fraksiyasının isə 6 deputatı var.

Beləliklə qanun layihəsinin parlamentə təqdim oluna bilməsi üçün müxalifətə daha bir imza lazımdır.

Hayastan fraksiyasından deputat Geğam Manukyan Azatutyuna deyib ki, hazırda Paşinyanın impiçmenti prosesi müzakirə olunur.

Qanuna görə baş nazirin istefasını tələb edənlər, həm də onun yerinə namizədlərini verməlidirlər.

Geğam Manukyan deyib ki, “hüquqi və texniki məsələlərə daha sonra aydınlıq gətiriləcək”.

Müxalifətin müzakirələri davam etdirdiyi bir vaxtda hakimiyyət hər hansı iqtidar deputatının impiçment prosesinə qoşulacağını istisna etdiyini bildirib.

Hətta 36-cı imza tapılsa da…

Şərhçilər bildirirlər ki, hətta müxalifət tələb olunan 36-cı imzanı əldə etsə belə, daha sonra qərar 48 saatdan tez, 72 saatdan gec olmayaraq səsə qoyula bilər.

Qətnamə deputatların sadə çoxluğu ilə qəbul edilə bilər, amma bunun üçün müxalifətə 54 səs, yəni əlavə olaraq 18 səs lazım olacaq. Bu isə hazırkı şəraitdə demək olar qeyri-mümkündür.

Qanuna görə baş nazirə etimadsızlıq səsverməsi iflasa uğrayarsa, növbəti səsvermə altı aydan tez keçirilə bilməz.

İqtidar deputatları bildirirlər ki, elə bu səbəbdən müxalifət meydana yüz minlərlə etirazçı toplamağa çalışır. Hazırda bu rəqəm bir neçə on mindir.

Deputat bunu da deyib ki, Yerevanın guya Bakıya birtərəfli güzəştlər etməsinə dair yayılan şayiələr də əsasızdır:

“Kilsə bu məsələdə tam bir iştirakçıdır. Əgər onlar bir vaxtlar daldada hökuməti gözdən salan yalanları yayırdılarsa, biz indi görürük ki, Baqrat katolikosdan birbaşa dəstək alır…”

 

Afət Abbasova

Gununsesi.info