
Müsəlman Birliyi Hərəkatının (MBH) həbsdə olan üzvü Ceyhun Balaşovun dünən, avqustun 23-də polis nəzarətinə verilərək mülki xəstəxanaya köçürüldüyü bildirilir.
Gununsesi.info-ya daxil olan məlumata əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsi avqustun 23-də C.Balaşovun vəziyyətinə görə onun polis nəzarətinə verilməsi ilə bağlı qərar qəbul edib.
MBH-dən bildirilib ki, 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan C.Balaşovun səhhətində ciddi problemlər yaranmışdı, avqustun 23-də vəziyyəti ağırlaşdığına görə o, Bakı Sağlamlıq Mərkəzinə köçürülüb: “Xəstəxanadan bizə bildirilib ki, Ceyhun süni nəfəs aparatına qoşulmuş vəziyyətdə daxil olub. Aldığı travma nəticəsində başında hematoma (bədən boşluqlarına və ya dəri altına yığılmış qan kütləsi) və çuxurlar yaranıb”.
Hələlik, bu məlumata Penitensiar Xidmət və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Bu ilin iyulunda yaxınları C.Balaşovun 1 saylı Bakı İstintaq Təcridxanasında fiziki zorakılığa məruz qaldığını iddia etmişdilər. İddiada onun döyülməsinin səbəbi ittihamı qəbul etməməsi göstərilirdi. Amma Penitensiar Xidmətdən C.Balaşovun döyülməsi ilə bağlı məlumatlar təkzib olunmuşdu.
Gununsesi.info