
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan MDB ölkələrindən olan həmkarları ilə görüşdə iştirak etməyəcək.
Gununsesi.info-nun xəbərinə görə, bu barədə rəsmi məlumatı aprelin 10-da Ermənistan XİN yayıb. Məlumatda görüşdən imtinanın səbəbi göstərilmir.
Qeyde edək ki, MDB şurasının iclası aprelin 12-də Belarus paytaxtı Minskdə keçiriləcək.
Rusiya təcavüzü ilə üzləşən Gürcüstan və Ukrayna Moskvanın başçılığı altında olan birliyi artıq tərk ediblər.
Birlikdə iştirakını de fakto dayandırmış Moldova isə bildirib ki, qurumu ilin sonlarınadək tamamilə tərk etməyi planlaşdırır.
Uzun müddətdən bəri Rusiyanın ən yaxın müttəfiqi olan Ermənistan da 44 günlük müharibədə Rusiyadan dəstək görmədiyini bəyan edərək son aylarda MDB-dən aralanmaq kursu götürüb.
Ermənistan hökuməti habelə Qarabağda yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrini fəaliyyətsizlikdə, Azərbaycanın bu bölgə üzərində nəzarətini bərpa etməsinə imkan verməkdə və erməni əhalinin Qarabağdan kütləvi axınının qarşısını almamaqda ittiham edir.
Mirzoyanın MDB nazirlərinin Minsk görüşünə getməmək qərarı baş nazir Nikol Paşinyanın aprelin 5-də Brüsseldə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen və ABŞ dövlət katibi Antoni Blinkenlə üçtərəfli görüşündən az sonraya təsadüf edir.
Üçtərəfli danışıqlarda Ermənistanın bir dövlət kimi dayanıqlığının artırılması və onun iqtisadiyyatının şaxələndirilməsi kimi məsələlər müzakirə olunub.
Rusiya Brüssel görüşünü sərt tənqid edib və bildirib ki, Qərb bu hərəkətləri ilə Moskvanı Cənubi Qafqaz regionundan uzaqlaşdırmağa çalışır.
Gununsesi.info