
ABŞ Dövlət Katibi Antoni Blinkenin Prezident İlham Əliyevlə son telefon danışığında digər məsələlərlə yanaşı Azərbaycanda insan haqlarının durumu da müzakirə olunub.
Gununsesi.info-nun xəbərinə görə, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib. Onun dediyinə görə, telefon danışı zamanı Dövlət katibi ABŞ-Azərbaycan ikitərəfli münasibətlərinin əhəmiyyətini vurğulayıb, enerji və iqlim prioritetləri də daxil olmaqla, artan tərəfdaşlıq təşəbbüslərini vurğulayıb.
Dövlət katibi, həmçinin Azərbaycanın insan hüquqları və əsas azadlıqlarla bağlı beynəlxalq öhdəliklərinə əməl etməsinin vacibliyini bir daha vurğulayıb və haqsız yerə həbs edilənlərin azad edilməsinə çağırıb.
“Azərbaycanın Blinkenin siyasi fəalların və jurnalistlərin azadlığa buraxılmasına dair çağırışına müsbət reaksiya verəcəyi isə inandırıcı deyil”.
Bunu isə siyasi şərhçi Elçin Rüstəmli Gununsesi.info-ya deyib.
Onun sözlərinə görə, bu, artıq ABŞ-ın ən yüksək səviyyədə edilən çağırışlarından növbətisidir: “Hazırda Azərbaycanla ABŞ və Aİ arasında münasibətləq olduqca gərgindir. Belə bir məqamda Azərbaycanın bu çağırışa müsbət yanaşacağına inanmaq olardı. Ancaq indiki məqamda bu real deyil. Azərbaycan nə zamansa bu addımı atacaq, amma indi yox”.
Elmar
Gununsesi.info