Tayvanın ən yüksək göydələni zəlzələyə belə dözdü

  • By admin
  • 08 Aprel 2024 10:24

Aprelin 3-də Tayvanda 7.4 bal gücündə zəlzələ baş verib. Adanın Milli Yanğın Agentliyinin ən son hesablamalarına görə, azı, 9 nəfər həyatını itirib, 770 bina zədələnib.

CNN yazır ki, Tayvanda son 25 ilin ən güclü sayılan bu zəlzələsi zamanı episentrdən cəmi 130 kilometr aralıda yerləşən paytaxt Taypeydə də binalar çox silkələnib. Ancaq bir zamanlar dünyanın ən hündür göydələni olan “Taypey 101” binası heç bir zədə almayıb.

Videogörüntülər 508 metrlik binanın strukturunun onu güclü silkələnmədən qoruduğunu göstərir. Məqalədə deyilir ki, göydələnin müdafiəsinin ən mühüm hissəsi onun materialı – dəmir-betondur.

Betonun sıxlığından və poladın oynaqlığından qaynaqlanan güc sayəsində bina yellənə biləcək qədər silkələnmə, güclü külək və tufanlara dözəcək qədər möhkəmdir. Binaların seysmik güclərə qarşı deyil, onlarla birlikdə hərəkət etməklə salamat qala biləcəyi prinsipi əsrlərdir Şərqi Asiya ölkələrinin ənənəvi memarlığının bir hissəsidir.

Göydələnin içərisində 101 mərtəbəli binanı qoruyan başqa bir innovasiya da var. Bu, binanın kütləsini tarazlayan nəhəng kürəşəkilli qurğudur.

Gununsesi.info