Makron: Dövlət quruluşunu devirməyə çalışanlar cəzalandırılmalıdır

  • Müəllif: Firuzə
  • 19 Oktyabr 2026 22:25

Fransa Prezidenti Emmanuel Makron ölkə üzrə keçirilən etirazlarda baş verən zorakılıq və qarət hadisələrinə münasibət bildirib.

Gununsesi.info xəbər verir ki, xalqa müraciət edən Makron çoxsaylı mağazaların talan edildiyini, dövlət binalarına ziyan vurulduğunu bildirib. O, siyasi partiyaları və həmkarlar ittifaqlarını zorakılığı açıq şəkildə pisləməyə çağırıb, zərər çəkən sahibkarlara dəstək göstəriləcəyini vurğulayıb. Makron, “Dövlət quruluşunu devirməyə çalışanlar bunun hesabını verməlidir” – deyə bildirib.

Qeyd edək ki, Emmanuel Makron Fransa daxili işlər naziri Loran Nünezin istefasını qəbul etməyib. Nazir etirazlardakı zorakılıq hadisələrinə görə məsuliyyəti üzərinə götürərək istefa ərizəsi təqdim etsə də, Yelisey sarayından bunun hüquq-mühafizə orqanlarının fəaliyyətində davamlılığın qorunması məqsədilə rədd edildiyi bildirilib. Ölkə üzrə aksiyalar zamanı təxminən 2400 nəfər saxlanılıb, 1000-ə yaxın polis, jandarm və yanğınsöndürən yaralanıb.

Gununsesi.info