
Macarıstan Avropa İttifaqının (Aİ) sammitində Ukraynaya 50 milyard avro məbləğində iqtisadi yardımın ayrılması qərarını əngəlləyib.
Gununsesi.info xəbər verir ki, bu barədə Macarıstanın baş naziri Viktor Orban cümə günü gecə X sosial şəbəkəsində yazıb.
“Gecə növbəsinin nəticələri: Ukrayna üçün əlavə pula veto. Biz bu məsələyə gələn il, lazımi şəkildə hazırlaşdığımız zaman Avropa Şurasında qayıdacağıq”, – deyə o qeyd edib.
Avropa Şurasının prezidenti Şarl Mişel təsdiqləyib ki, Aİ ölkələrinin liderləri Ukraynaya yardımın Aİ büdcə planına salınması ilə bağlı razılığa gələ bilməyiblər.
Mişel vurğulayıb ki, müzakirə mövzusu təkcə Ukraynanın maliyyələşdirilməsi deyil. Aİ liderlərinə Ukraynaya dəstək üçün maliyyə, miqrasiya proqramları üçün xərclər və Aİ Həmrəylik və Müdafiə Fondunun maliyyələşdirilməsini əhatə edən “paket” təklif edilib.
“Yalnız bir dövlət bu qərarla razılaşa bilmədi… Qalan 26 lider bu paketlə razılaşdı, o cümlədən İsveç baş naziri daxili prosedurlara görə bu qərarı parlamentlə müzakirə etməlidir”, – Mişel Aİ liderləri arasında gecə saatlarına qədər davam edən danışıqların sonunda bildirib.
Gununsesi.info