
Türkiyədə Cümhuriyyət Xalq Partiyasından keçmiş deputat Abdüllatif Şenerlə bağlı müzakirələr səngimir.
Gununsesi.info xəbər verir ki, “Halk TV”yə danışan Şener mayın 14-ü prezident seçkilərinin I turu zamanı CHP sədri Kamal Kılıçdaroğluna deyil, “ATA İttifaqı”nın namizədi Sinan Oğana səs verdiyini açıqlayıb.
CHP-dən istefa verən Şener, eyni zamanda seçkilərin II turu zamanı etibarsız səs verdiyini də dilə gətirib.
İddialara görə, buna səbəb onun mayın 14-ü keçirilən parlament seçkiləri zamanı namizədliyinin irəli sürülməməsi olub. O, bu iddianı təsdiqləməsə də, qərarı ilə bağlı detalları açıqlamayıb.
Bununla yanaşı, A. Şenerin seçki prosesi zamanı öz sosial şəbəkə hesablarında Kılıçdaroğluna dəstək mesajları paylaşmasının görüntüləri də gündəm olub. Şenerin bu açıqlamasına isə CHP-nin Qrup rəhbəri Özgür Özel münasibət bildirib və onu tənqid edib: “Şenerin açıqlamalarını ürək ağrısı ilə və qanım donaraq izlədim. Ona səs verən CHP-lilərə bir üzr borcumuz var”.
Qeyd edək ki, A.Şener 2001-ci ildə ölkənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qurucularından biri olub və AKP hökumətlərində Baş nazirin müavini olaraq da çalışıb. O, 2007-ci ildə AKP-dən istefa edib və 2018-ci ildə CHP-nin Konyadan millət vəkili seçilib.
Gununsesi.info