
Binəqədi rayonunda üç kiloqram heroin qanunsuz dövriyyədən çıxarılıb.
Gununsesi.info xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları əvvəllər də narkotiklərin satışını təşkil etdiyi üçün məhkum olunan Rəşad Quliyevi saxlayıblar. Onun üzərində axtarış aparılan zaman üç kiloqrama yaxın narkotik vasitə olan heroin aşkar edilib. Saxlanılan şəxs narkotik vasitəni “Instagram” sosial şəbəkəsində tanış olduğu İran vətəndaşından onlayn yolla satmaq məqsədi ilə əldə etdiyini və narkokuryerliyə cəlb olunduğunu bildirib. Rəşad Quliyev barəsində idarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb.
Qeyd edilib ki, Binəqədi rayonunda cari ilin may ayının əvvəlindən keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən ümumilikdə 46 nəfər saxlanılıb. Onların hər biri barəsində araşdırmalar davam etdirilir.
Binəqədi RPİ-nin əməkdaşlarının, həmçinin, qeyd edilən dövr ərzində həyata keçirdikləri təxirəsalınmaz əməliyyatlar zamanı Biləcəri və ətraf ərazilərdə 50-yə yaxın evdən pul, qızıl-zinət və məişət əşyaları oğurlayan Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Vaqif Hümbətov, Binəqədi qəsəbəsində 10-dan çox mənzildə silsilə oğurluq cinayətləri törədən, əvvəllər məhkum olunmuş Əlikram Əliyev, əsasən, qadınlara qarşı soyğunçuluq edərək zərərçəkənlərin mobil telefonlarını, eləcə də pul vəsaitlərini ələ keçirən Əziz Paşayev, Sadiq Əmrəliyev və sonuncunun tanışı Nofəl Ramazanov da saxlanılaraq istintaqa təqdim ediliblər.