
Türkiyənin Millət İttifaqının prezidentliyə namizədi Kamal Kılıçdaroğlunun “Yeni İpək Yolu” açıqlaması geniş müzakirələrə səbəb olub. Mövzudan məlumatsız olanlar Kılıçdaroğlunun əlində tutduğu şəkili paylaşıb yazırlar ki, bəs, Kılıçdaroğlu Azərbaycanı Böyük İpək Yoluna niyə daxil etməyib.
Ekspert Allahverdi Aydın Gununsesi.info-ya açıqlamasında deyib ki, Kamal Kılıçdaroğlunun haqqında bəhs etdiyi yol yeni deyil, sadəcə olaraq Kılıçdaroğlu bu yolu genişləndirəcəklərini və gücləndirəcəklərini deyib: “Kılıçdaroğlu seçkiqabağı təbliğat üçün bir az “duzunu-istiotunu” artıq edib.
Kılıçdaroğlunun çıxışını dinləyəndə adama elə gəlir ki, sanki nəsə çox mühim bir şey kəşf edib.
Kılıçdaroğlunun haqqında bəhs etdiyi yol Böyük İpək Yolu nəqliyyat dəhlizinə daxil olan onlarla yoldan sadəcə biridir.
Böyük İpək Yolu tək bir yoldan ibarət deyil, bu onlarla nəqliyyat yollarının bir-biriylə kəsişdiyi, ya da kəsişmədiyi çoxşaxəli yollar şəbəkəsindən ibarətdir.
Böyük İpək Yolu Şərq-Qərb nəqliyyat dəhlizinin ortasında yer alan və əsas keçid xəttidir. Bu xətt üzərində yerləşən ölkələr hazırda TRACECA (Transport Corridor Europe-Caucasus-Asia) adlanan layihə çərçivəsində əməkdaşlıq edirlər.
Bu layihə Avropa Birliyinin TASİS (MDB üzvlərinə göstərilən texnik yardım) layihəsi çərçivəsinə 1993-cü ilin may ayında Brüsseldə keçirilən konfransda 8 ölkənin (Azərbaycan, Ermənistan, Gürcüstanın və 5 Orta Asiya respublikası) iştirakı ilə qəbul edilib.
Xatırlayırsınızsa, 1998-ci ildə Bakıda Azərbaycan, Bolqarıstan, Gürcüstan, Qırğızıstan, Moldova, Rumıniya, Türkiyə, Özbəkistan və Ukrayna prezidentləri və 32 ölkənin hökumət başçılarının iştirakı ilə “TRACECA – Tarixi İpək Yolunun bərpası” adlı konfrans keçirilib və İpək Yolu ilə bağlı məşhur Bakı bəyannaməsi qəbul olunub.
İran isə 2009-cu ildə TRACECA-ya qoşulub və bu da o deməkdir ki, Kılıçdaroğlunun haqqında bəhs etdiyi yol 2009-cu ildən Tarixi İpək Yolunun (TRACECA) tərkibinə daxil olub”.
“Bəs, niyə Kılıçdaroğlu bu yolu xüsusi olaraq qabartdı” sualına ekspert belə cavab verib:
“Birincisi, bu yol xəritə üzərində digər yollardan iqtisadi cəhətdən daha əlverişli görünür.
Ancaq Kılıçdaroğlunun (ya da onun komandasının) bunu necə əsaslandırdığı barədə məlumatsızıq. Hazırda bu yol yalnız vizual görünüşdən əhəmiyyətli hesab olunur. Yolun 90%-i Türkiyə sərhədlərindən kənarda qalır. Bunu genişləndirmək üçün kim maliyyə ayıracaq? Məsələn, Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində İran dəmir yollarının Azərbaycan dəmir yollarına birləşdirilməsi üçün Rəşt – Astara (167 km) dəmir yolunun da çəkilməsi illərdir uzadılır. Axırda Azərbaycan məcbur olub 2019-cu ildə İrana 500 milyon dollar güzəştli kredit ayırdı. Yol hələ də hazır deyil, hazır olub-olmayacağı, 500 milyonun aqibətinin necə olacağı da bilinmir. Bu səbəbdən Kılıçdaroğlunun da “yeni yol” layihəsiylə bağlı bu kimi suallara (detallara) aydınlıq gətirilməlidir?
İkincisi, Siyasi məsələdir. Kılıçdaroğli həm daxili təbliğata hesablanmış, həm də xarici dairələrə mesajlar verir. Açıqlamada ABŞ-ın da adını çəkir. İran və Qərb arasında körpü rolu oynaya biləcəklərini deyir. İranın Qərblə, xüsusilə də İsraillə arasındakı gərginlik “bir yolun genişləndirilməsiylə” həll olunacaq məsələ deyil. Kılçdaroğlu həqiqətən belə bir mesaj verirsə (İran-Qərb arasında körpü) onda daha cəlbedici və vazkeçilməz mövzulardan danışmalıdır…
P.S. Kılıçdaroğlu Zəngəzur dəhlizindən də danışsaydı daha uğurlu olardı. Zəngəzur dəhlizi Kılıçdaroğlunun açıqladığı yoldan çox da kənardan keçmir. Əslində həmin yol Zəngəzur dəhlizi vasitəsiylə həm də Şimal-Cənub nəqliyyat dəhlizinə (Rusiya-İran-Hindistan) bağlanır. Yəni Kılıçdaroğlu Zəngəzur dəhlizindən də bəhs etsəydi “bir daşla bir-neçə “quş” vura bilərdi”…
Afət Abbasova
Gununsesi.info