Ceyhun Bayramov Ermənistana çağırış etdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistanı xoşməramlılıq nümayiş etdirməyə və Bakı-İrəvan arasında münasibətlərin normallaşdırılması ilə bağlı müzakirələrdə daha çox səy göstərməyə çağırıb.

Gununsesi.info xəbər verir ki, bunu nazir mayın 8-də Vilnüsdə Litvanın xarici işlər naziri Gabrielius Landsbergis ilə görüşdən sonra keçirilən brifinqdə deyib.

HTML tutorial

“Həmkarımı münaqişədən sonra regionda yaranmış vəziyyət barədə məlumatlandırdım, həmçinin Azərbaycanın sülh gündəliyinin təkmilləşdirilməsi istiqamətində göstərdiyi səylərdən, o cümlədən Ermənistanla sülh sazişi layihəsi üzrə danışıqların son raundundan danışdım. İşğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işləri, kommunikasiyaların açılması – bütün bu məsələlər də gündəmdədir”, – o bildirib.

C.Bayramov əlavə edib ki, münaqişədən sonrakı dövrdə Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması üzrə səylərdə zəif dinamikanın müşahidə olmasına baxmayaraq, bütün sahələrdə, o cümlədən ikitərəfli münasibətlərin əsaslarını müəyyən edən sülh müqaviləsi layihəsi, dövlət sərhədlərinin delimitasiyası, nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası üzrə əldə olunmuş tərəqqi hələ ümidlərimizi doğrultmayıb.

“Biz Ermənistan tərəfini xoşməramlılıq nümayiş etdirməyə və ölkələr arasında münasibətlərin normallaşdırılması ilə bağlı müzakirələrdə daha çox səy göstərməyə çağırırıq”, – nazir bildirib.

“Hesab edirik ki, iki ölkə arasında münasibətlərin normallaşdırılmasının ən yaxşı yolu ərazi bütövlüyünün qarşılıqlı tanınmasına və bir-birinin suverenliyə hörmətə əsaslanır. Azərbaycanın bu məsələdə mövqeyi aydın, prinsipial və dəyişməzdir”, – C.Bayramov bildirib.

 

Gununsesi.info