
İsrailin maliyyə naziri Bezalel Smotriç müharibənin ölkəyə birbaşa xərcinin gündə təxminən 1 milyard şekel və ya 246 milyon dollar olduğunu bəyan edib.
Gununsesi.info xəbər verir ki, Smotriç ehtiyat əsgərlərin gəlişi ilə başladılan səfərbərlik və Fələstin silahlı qruplarının raket hücumları ilə gərginləşən İsrail iqtisadiyyatına nə qədər baha başa gəldiyi barədə məlumat verməyib.
“Standard & Poor’s” (S&P) agentliyinin İsrailin reytinqini “stabil”dən “neqativ”ə endirməsinə münasibət bildirən Smotriç bunun “narahatedici” olduğunu, lakin böhrana baxmayaraq İsrailin böyük defisitlərə malik olacağını gözləmədiyini bildirib.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam briqadaları İsrailə qarşı “Əqsa Tufanı” əməliyyatının başladığını elan edib. Qəzza zolağından İsrailə doğru minlərlə raket atılıb, silahlı qruplar İsrail yaşayış məntəqələrinə daxil olub.
HƏMAS bildirib ki, əməliyyat işğal altındakı Şərqi Qüdsdə Əl-Əqsa məscidinə hücuma və İsrailin fələstinlilərə qarşı artan zorakılığına cavabdır.
Buna cavab olaraq İsrail ordusu Qəzza zolağında HƏMAS-a qarşı onlarla döyüş təyyarəsindən istifadə edərək “Dəmir qılınclar” əməliyyatına başladığını elan edib.
İsrail-Fələstin münaqişəsinin gərginləşməsinin əvvəlindən bəri 1400-dən çox israilli və 5700-dən çox fələstinli həlak olub.
Gununsesi.info