
Nəhayət, uzun illərdən sonra Azərbaycan İsraildə səfirlik açmaq qərarını verdi.
Ölkəmizin İsraillə hərtərəfli əməkdaşlıq, dostluq münasibətlərinin olmasına baxmayaraq, bu ölkədə səfirlik açmağa cürət etmirdik. Sirr deyildi ki, Azərbaycan İrandan ehtiyyat etdiyi üçün İsraildə səfirlik açmırdı. Bəs, görəsən Azərbaycanın İsraildə səfirlik açması İranın ölkəmizə qarşı hansısa təxribatlarına səbəb ola bilərmi?
Gununsesi.info-nun əməkdaşı təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu ilə bu mövzuda danışıb.
Azərbaycanın İsraildə səfirlik açmasının çoxdan yaranmış zərurət olduğunu deyən Ərəstun Oruclu bildirir ki, Azərbaycanla İsrail arasında müxtəlif sahələrdə – istər təhlükəsizlik, istər iqtisadi, istər texnoloji, istər hərbi, istərsə də elmi sahələrdə dərin əməkdaşlıq var: “Bütun bu sahələrdə illərdir intensiv əməkdaşlıq var. Baxmayaraq ki, Azərbaycanın bu vaxta qədər İsraildə səfirliyi olmayıb, ancaq bu münasibətlər daim inkişaf edib. Bu münasibətlərdə səfirliyin olmaması mane olmayıb. Səfirliyin açılması həm də bir siyasi addımdır və bu mənada alqışlanmalıdır. Biz bilirk ki, İran buna daim mane olub və daim Azərbaycanı tənqid edib ki, İsraildə səfirlik açılması İran tərəfindən düşmənçilik kimi qəbul ediləcək. Ancaq bu gün situatsiya və geosiyasi vəziyyət dəyişib. Bu gün Azərbaycan İran münasibətləri tamam başqa bir müstəviyə keçir”.
Bu gün İran özününün hər tərəfdən təhlükə, təhdid yaşadığını deyən ekspertin fikrincə, belə məqamda İrandan Azərbaycana qarşı ciddi təxribat gözlənilmir: “Xüsusilə İranın daxilində vəziyyət başqa cürdür. Mən düşünmürəm ki, İran Azərbaycanın İsraildə səfirlik açmasına hər hansı bir şəkildə srət reaksiya verəcək. Təbii ki, müəyyən bəyənatlar ola bilər, ancaq məsələ bundan o tərəfə gedə bilməz. Ona görə ki, birincisi, bu gün İran özünün düşmən çevrəsini genişləndirməyə ehtiyac görməz. İkincisi, İran başa düşür ki, bu artıq atılmış addımdır və bununla hesablaşmalıdır. Üçüncüsü, Azərbaycan tək deyil, müttəfiqləri var və bu müttəfiq təkcə İsrail deyil, Türkiyədir, Pakistandır. Azərbaycan Böyük Britaniya tərəfindən də dəstəklənir və o cümlədən də artıq Russiyanın bölgədə yürütdüyü siyasət, ilk növbədə İranın özünə qarşı təhdiddir. Bir çox insanlar təəssüf ki, bu reallığı anlamır. Ancaq Russiyanın şimal-cənub dəhlizi üzərində israrla dayanması, şübhəsiz ki, İrana və Azərbaycana təhdiddir”.
Ərəstun Oruclunun sözlərinə görə, son 2 gündə İranın Azərbaycana qarşı təhdidi aradan qalxıb: “İranda həm də bunu anlayırlar ki, indiki daxili siyasi situatsiyada baş verən çaxnaşmalar Azərbaycanı hətta mütəffiq edə bilər. İran Ali dini rəhbəri, Ayətullah Xomeyniin müşaviri, keçmiş Xarici İşlər Naziri, Vilayətinin dünənki bəyənatı mənə elə gəlir ki, kifayət qədər açıq mesajdır. Bununla belə biz təhlükələrə həmişə hazır olmalıyıq. İstər İran, istər Russiya, istər də Ermənistan tərəfindən belə hallar olub və yenə də ola bilər.Amma ki, məhz səfirlik açılması məsələsi ilə bağlı İrandan təhdid olacağını gözləmirəm. Azərbaycanın dövlət orqanları kifayət qədər ayıq-sayıqdır və hər hansı bir terror və s. kimi addımların da qarşısı ölkənin təhlükəsizlik və hüquq muhafizə orqanları tərəfindən alınacaqdır. Bu addımlar yalnız əks effekt doğura bilər, çünki İranın özünə ziyan vura bilər, əgər atacaqsa onunda layiqli cavabınl alacaq, Mən bu prosesi belə görürəm. Amma çox güman ki, İran buna cəhd edə bilməyəcək”.
Afət Abbasova
Gununsesi.info