
İranda gənc qızın hicab qaydalarını pozduğuna görə öldürülməsi molla rejiminə qarşı ciddi xalq üsyanına səbəb olub.
Artıq uzun müddətdir ki, İranda kütləvi iğtişaşlar baş qaldırıb. İran rejimi bu olaylar zamanı çoxsaylı insanları öldürsə də xalq geri çəkilmək istəmir.
Bu etirazlarda diqqəti çəkən məqamlar da var.
Belə ki, Təbrizdəki aksiyalarda azərbaycanlılar “azadlıq, ədalət və milli hökumət” şüarları səsləndirir.
ABŞ-da yaşayan milli fəal Babək Süleymanı Gununsesi.info-ya açıqlamasında bu haqda danışıb.
– Babək bəy, İrandakı aksiyalarda azərbaycanlılar da xüsusi fəallığı ilə seçilir. Azərbaycanlıların tələbləri nədən ibarətdir?
– Azərbaycanlıların əsas tələbləri ana dilində təhsil, Urmiyə gölündə yaranmış ekoloji vəziyyət və ictimai-siyasi hüquqların təmin edilməsi ilə bağlıdır. Bilirsiniz ki, uzun illərdir ki, İran Azərbaycanının şəhərlərində ana dilində təhsil, Urmiyə gölünün quruması ilə bağlı etirazlarda yüzlərlə azərbaycanlı gənc İran təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, həbs edilib, çoxlarına qarşı məhkəmə işləri açılıb. Ona görə İranda baş verən bu hadisəyə azərbaycanlılar biganə qala bilməzdi. Ona görə də azərbaycanlılar da bu etirazlarda öndə gedir.
– Azərbaycanlıların bu tələbləri nə ilə nəticələnəcək? Mübarizə effektli olacaqmı?
– Azərbaycanlılar bu reallığa gəlib çatıblar ki, təkbaşına bu rejimin qarşısında qalib ola bilmyəcəklər. Ona görə də keçən iki ayda digər xalqlarla bərabər-ərəblərlə, kürdlərlə, bəluclarla və farsların özü ilə bərabər İran rejiminə qarşı mücadilələrini yürüdürlər və onların özlərinin bu özəl şüarları var: “azadlıq, ədalət və milli hökumət. Ancaq bu dəfə vəziyyət fəqlidir. Etirazlar ölkənin hər yerində, bütün etnik azlıqların birlik göstərdiyi şəraitdə davam edir. Artıq İranda demək olar ki, bütün millətlər bu nəticəyə gəlib ki, təkbaşına heç bir millət İran rejiminə qarşı bir naliyyət əldə edə bilməz. Buna görə də demək olar ki, rejimə qarşı bir hərəkat yarandı. İndi görürük ki, keçən iki ayın içində həm azərbaycalılar, həm bəluclar, həm ərəblər, həm kürdlər və farsların özü də, hamı İranın hər yerində rejimə qarşı mücadilə və mübarizə aparırlar. Əgər xalq etirazlarını bu cür davam etdirirsə, İranda böyük dəyişiklilərin şahidi ola bilərik.
Mayis
Gununsesi.info