
“Biz hər zaman bilirdik və görürdük ki, İran Azərbaycana münasibətində səmimi deyil. Hər zaman müsəlman həmrəyliyindən danışan, amma realda buna xidmət etməyən İranın əsl iç üzünü 44 Günlük Vətən savaşında gördük”.
Bunu Gununsesi.info-ya açıqlamasında YAP-çı deputat Naqif Həmzəyev son zamanlar İranın Azərbaycana qarşı təxribat xarakterli hərəkətinin açıq müstəviyə keçməsi faktlarına münasibətində deyib.
YAP-çı deputatın sözlərinə görə, DTX-nın keçirdiyi son əməliyyatda İranın Azərbaycana hansı mövqedə olması sübutlarla ortaya çıxdı: “DTX-nin peşəkar səviyyədə keçirdiyi əməliyyat İranın iç üzünü açmış oldu. Həmişə gizlin, arxadan Azərbaycan əleyhinə işləyən bu ölkə ordumuzun Qarabağdakı qələbəsini həzm edə bilmədi. Halbuki, rəsmi görüşlərdə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyirdi. Amma son müharibədə təcavüzkar Ermənistana açıq dəstək verdi”.
Naqif Həmzəyev İranın son hərəkətlərinin də təəccüb doğurmadığını deyir: “Bu ölkə indi açıq şəkildə Qarabağ münaqişəsinin bitməsindən sonra iki ölkə arasında sülhün əldə edilməsini açıq-aşkar əngəlləyir, Zəngəzur dəhlizinin reallaşdırılmasına mane olmaq üçün əlindən gələni edir. Ermənistan rəhbərliyi də dərk edir ki, İran bu hərəkətlərini öz maraqları üçün edir. Ona görə də Paşinyan bu cür təxribatlara getmədən, zamanında sülh sazişini imzalamalıdır”.
Deputat Azərbaycan mediasının da bu prosesdə dövlətlə həmrəylik nümayiş etdirməli olduğunu bildirib: “Bu gün İranın “Səhər” kanalı yalan, uydurma, təxribat xarakterli informasiyalar yayır. Azərbaycan KİV-ləri bu təxribatlara cavab verməlidir ki, cəmiyyətdə çaşqınlıq olmasın. Xüsusilə, Azərbaycanın cənub bölgəsində İranın bu kanalına baxırlar. Ölkəmizdəki hadisələri təhrif olunmuş şəkildə insanlara çatdırırlar”.
Naqif Həmzəyev dini inanclı insanlara da çağırış edib: “İran Cənub bölgəsində, Bakının müxtəlif kəndlərində, Yasamaı rayonu sakinləri arasında müxtəlif yardımlar paylayır, dini tədbirləri kənardan idarə edir. Dini ziyarətlər adı ilə bu ölkəyə aparılır və təsir altına salınır. Ona görə də vətəndaşlarımız İran xətti olan hər bir məsələdə ehtiyyatlı olmalıdır. Bilməlidir ki, hansısa bir bayramda İranın xeyriyyə təşkilatları adıyla onların evinə göndərilən sovqatın arxasında başqa niyyət dayanır”.
Azərbaycanın İsraildə səfirlik açması barədə ictimai çağırışlara gəlincə, Naqif Həmzəyev deyir ki, artıq bunun zamanıdır: “Hesab edirəm ki, bu prosesə başlanılmalıdır. Bu gün Azərbaycanın İsraillə münasibətləri dostluq, müttəfiqlik səviyyəsindədir. Son müharibə həm də bizim üçün dostlarımızı, düşmənlərimizi tanımaq şansı yaratdı. Sevindirici haldır ki, İsrail dövləti yanımızda oldu”.
Günay Təhməzova
Gununsesi.info