
Son illər bir sıra nazirliklərdə keçirlən anti-korrupsiya əməliyyatlarında nazirlərin kənarda qalması cəmiyyətdə çoxsaylı suallara səbəb olur. Bu əməliyyatlara diqqət etsək, görərik ki, həbs dalğasına ancaq nazir müaviniləri və idarə rəisləri düşür.
Həmin şəxslərin ittiham aktına diqqət edəndə onların məhz vəzifə cinayətləri törətdikləri təsdiqini tapır. Belə olan halda əsas məsuliyyətin həmin strukturun birinci şəxsinə şamil olunması qaçılmazdır.
Bəs görəsən, bu korrupsiya cinayətlərinin başında duran əsas şəxslər niyə məsuliyyətdən kənarda qalır?
Vəkil Bəhruz Bayramov Gununsesi.info-ya açıqlamasında deyir ki, ölkədəki korrupsiya ilə mübarizə tədbirlərinin sonunda onun imitasiya xarakteri daşıdığı görüntüsü yaranır: “Nazirlər özləri bu cinayətlərin içərisində olsallar da amma onların həbsi üçün ali siyasi rəhbərliyin razılığı əsasdır. Hələ Əbülfəs Qarayevin dövründə Mədəniyyət Nazirliyində aparılan əməliyyatlardan sonrakı istintaq və məhkəmə araşdırmalarında bu cinayətlərin başında nazirin durduğu üzə çıxmışdı. Amma sabiq nazir özü bu məsuliyyətdən yayındı. İllərdir davam edən “MTN İşi”ni götürək, məhkəmələrdə təqsirləndirlən generallar açıq şəkildə bütün əməllərinə görə əsas məsuliyyətin Eldar Mahmudov və Zakir Qaralov olduğunu deyirdi. Halbuki, məhkəmə həmin çıxışlarla bağlı ayrıca qərar qəbul edib, prokurorluğa göndərməli idi. Amma biz bunun şahidi olmadıq. Çünki, Eldar Mahmudovun və Zakir Qaralovun məsuliyyətə alınması ilə bağlı siyasi qərar yoxdur”.
Vəkilin sözlərinə görə, ölkədə korrupsiya və rüşvətxorluqla məşğul olan əsas adamlar məsuliyyətə alınmayınca, cəmiyyət dövlətin korrupsiya ilə mübarizəsinin səmimiliyinə inanmayacaq.
Günay Təhməzova
Gununsesi.info