
İngiltərə Premyer Liqasında çıxış edən Türkiyə millisinin futbolçuları yığmaya buraxılmayacaq.
Gununsesi.info xəbər verir ki, Premyer Liqa klubları yığmalarında çıxış edən futbolçuları Böyük Britaniya hökumətinin qırmızı siyahısında yer alan ölkələrdə keçiriləcək oyunlara buraxmaq istəmədiklərini bəyan ediblər.
Bu siyahıda futbolçuların getməli olduğu 26 ölkə var. Həmin ölkələrdən qayıdan oyunçular koronavirusla bağlı 10 günlük karantində qalmağa məcbur olacaq. Bu üzdən də həmin futbolçular sentyabrda keçiriləcək matçlara buraxılmayacaq.
Qeyd edək ki, qırmızı siyahıda olan ölkələr arasında Türkiyə və Gürcüstan da var. Türkiyə millisinin dörd futbolçusu – Çağlar Söyüncü (“Lester Siti”), Ozan Tufan (“Votford”), Halil Dərvişoğlu (“Brentford”) və Cenk Tosun (“Everton”) hazırda İngiltərə Premyer Liqasında çıxış edir.
Onu da bildirək ki, Türkiyə millisi dünya çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 1-də İstanbulda Monteneqro yığması ilə qarşılaşmalıdır.
Gununsesi.info