– Üç çağırış deputat olmusunuz. 2020-ci ildə nəticələriniz ləğv olundu. Sizcə bu qərar doğru qərar oldumu?
– Mərkəzi seçki komissiyası qərarı ləğv etdi. Mən şəxsən qərarın niyə ləğv olunduğunu bilmədim. Qələbə qazanmışdım. İnsanların böyük əksəriyyəti məni təbrik də etmişdi. MSK yəqin ki obyektiv bir səbəb tapıb ləğv edib. Seçkidə bu proseslər olur. Təəssüflənmədim. Görünür hardasa pozğunluq olub.
– Milli Məclisə yenidən seçkilər keçirilsə, namizədliyinizi verəcəksinizmi?
15 il deputat olmuşam. Kifayət qədər xidmətlərim olub. Artıq seçkilərdə iştirak etməyi düşünmürəm. Özümü tamamilə bədii yaradıcılığa həsr etmişəm.
– 15 il deputat olduğunuz dövrdə seçicilərinizə hansı vədi verib yerinə yetirə bilməmisiniz?
-33 saylı xətai seçki dairəsindən namizəd olmuşam. Hələ elə bir şey olmayıb ki, nəyisə vəd edim amma yerinə yetirməyim. Bəzi hallar olub ki, şəxsi maraqlar üçün müraciət ediblər və mən başa salmışam ki, bu mənim səlahiyyətimdə olan məsələ deyil. Gücümdə olan msələləri hamısını yerinə yetirmişəm. Bir dəfə yanıma gəlib dedilər ki, icra hakimiyyətinin sərancamı ilə burda böyük ev tikilir. Mən həmin sərəncama ləğv etdirdim və seçicilərim məni çağırıb ayağımın altında qurban kəsdilər.
– Pandemiya həyatınızda nəyi dəyişdi?
-Pandemiya ürəyimdə bəzi dostların itirilməsi kimi yadda qaldı. Hesab edirəm ki, bu bizə Allahın bir sınağı idi. Olmalı idi və oldu. Bəşəriyyətin sınağı idi. Ölkəmizdə pandemiya dəf olmaq üzrədir. Rəqəmlərə baxanda görərik ən az COVİD-19-dan ölüm sayı da bizim ölkədədir. Səbəb isə dövlətimizin ilk gündən bu işə məsuliyyətlə yanaşmasıdır.
– Müxalifətdən olan dostlarınız varmı?
– Sabir Rüstəmxanlı ilə dostuq. Müxalifətçi düşərgədədir.
– Milli Məclisdə elə deputatlar varmı hansı ki, onlardan zəng gözləyirsiz əksinə isə onlar sizi unudub?
– Böyük əksəriyyəti mənə zəng edir. Amma elələri də var başları işə-gücə qarışıb unudub. Heç kəs heç nədən sığortalanmayıb. Bunu deyə bilərəm ki, nə tökərsən aşına, o da çıxar qaşığına. Borcdur.
– Məlum video ilə gündəm oldunuz. Bizdə olan məlumata görə rektorla aranızda olan soyuq münasibətin nəticəsi olaraq həmin görüntülər 3 ay sonra yayıldı. Araşdırdınızmı həmin videogörüntüləri kim yayıb?
– Rektorla bizim universitetdən çıxan günə qədər çox isti münasibətlərimiz olub. Qarşılıqlı hörmət olub. Mənim üçün də təəccüblü oldu ki, video necə yayılıb. Araşdırmadım da bunu kim edib. Mənim üçün onun kim tərəfindən edilməsi əhəmiyyətli deyil. Bilirəm ki, Allah tərəfindən cəzasını alacaq. Onu deyə bilərəm ki, rektorla çox böyük incikliyim yarandı. Hadisəni eşidən kimi ərizəmi yazıb göndərdim. Bildirdim ki, ərizəmə qol çəksin. Düşündüm artıq orda işləyə bilmərəm.
– Niyə ərizə yazdınız ki?
– Qısa deyim ki, incidim. Səbəblərini demək istəmirəm. Biz bir-birimizə qardaş, dost deyirdik. Heç olmasa, ərizəmi alanda protokol xatirinə zəng edib təəssüf hissini bildirə bilərdi. Ən azı deyə bilərdi ki, kaş belə olmazdı. Reaksiyasız qaldı.Bu da məndə küskünlük yaratdı. İlk dəfədir danışıram bu haqda. Bilmirəm kim etdi bunu? Ən azı telefonla zəng edə bilərdi.
– Həmin video haqqında nə deyə bilərsiz? Keçmiş deputat yoldaşlarınız sizi qınadı. Buna münasibətiniz?
– Gəlin bu haqda heç danışmayaq. Kim tənqid edibsə özü bilər, öz işləridir. Bunu deyə bilərəm ki, mən qınanmalı idim, haqlı olaraq qınanmalı idim. Özümə haqq qazandırmıram. Amma məni kim qınamalı idi? Məni mənəvi haqqı olanlar qınamalı idi. Əksinə məni elə adamlar qınadı ki, onların heç mənəvi haqqı yox idi məni qınamağa.
– İndi nə ilə məşğulsuz?
– Yaradıcılıqla məşğulam. 4 min manata yaxın təqaüd alıram. Mənə artıqlaması ilə bəs edir. Dövlətimizdən, prezidentimizdən çox razıyam. Bu yaxınlarda “Erməni şərəfsizliyi” adlı kitabım çıxıb. 10 ildir bu kitabın yazılması üçün araşdırmalar aparırdım. Osmanlı imperiyası dövründən bu günə qədər terror təşkilatları barədə araşdırmalar etmişəm.
– Əsərlərinizdə yaşlı kişilərin gənc qızlara olan sevgisindən yazırsız. Niyə bu mövzu Sizə maraqlı gəlir?
– Məhəbbətin yaşı olmur. Bu nə vəzifəyə nə yaşa nə pula baxmır. Sevgi bir hissdir.Yazıçının fantaziyası olmasa yaza bilməz. Çox çətin bir peşədir. Yazıçılar yazmaqdan çox oxumalıdırlar. Gənc yazıçılara məsləhətim budur çox oxusunlar. İnsanları yalnız sevgi və məhəbbətlə dəyişmək olar.
– Əlinizdə ürək formasında döymə gördüm. Bunun tarixçəsi var?
– Əsgərliyə gedəndə nişanlım var di. Onun adına döymədir. Qayıtdıqdan sonra evləndik. Artıq balalarımız nəvələrimiz var. 50 ildir məni tanıyır. Məlum videoya da münasibəti neytral oldu. Əqidəmi, vicdanımı əxlaqımı yaxşı bilir. Rəhbər vəzifələrdə işləmişəm. Minlərlə qadın işçim olub. Qaz emalı zavodunun qadınları həmin video ilə bağlı saytların birinə böyük bir məktub ünvanladılar. Hər insanın həyatında kiçik qüsurlar olur. Mənim yoldaşım mənə dedi darıxma olan işdir. Sənin əxlaqına bələdəm. Lənət şeytana deyib mövzunu bağladıq. Ailəmdə hər şey qaydasındadır.