
“Hesab edirəm ki, Azərbaycan hökuməti ABŞ Dövlət Departamentinin hesabatında qaldırılan məsələləri araşdırmalı və onların həlli üçün addım atmalıdır. Amma təəssüf ki, biz hər zaman bunun əksini görürük. İnkarçı mövqe Azərbaycanı sanksiyalarla üz-üzə qoyur”.
Bunu Gununsesi.info-ya müsahibəsində Müdafiə Xətti İnsan Haqları Təşkilatının rəhbəri Rüfət Səfərov ABŞ Dövlət Departamentinin insan haqlarına dair hesabatını şərh edərkən deyib.
Onun sözlərinə görə, Azərbaycanda bu tipli hesabatlara, tənqidlərə adi yanaşılır: “Bu isə doğru deyil. Mən diqqət etdim ki, hökumətə yaxın deputatlar, QHT-lər bildirir ki, bu cür hesabatlara əhəmiyyət vermirik. Hesab edirəm ki, bu yanlış yanaşmadır. Azərbaycan ümumiyyətlə, beynəlxalq insan haqları təşkilatları ilə əməkdaşlıqda maraqlı olmalıdır. Avropa Parlamentinin son qətnaməsi qəbul edilərkən, çıxış edənlərin əksəriyyəti beynəlxalq insan haqları təşkilatlarının məlumatlarına istinad edirdi. Amnesty İnternational, Freedom House, Human Rights Watch, Sərhədsiz Reportyorlar və sair təşkilatlar ciddiyə alınmalıdır. Onları söyməklə, ermənipərəst damğası vurmaqla özümüzü aldadırıq”.
Elmar
Gununsesi.info