
Türk Hava Yolları havada olarkən pəncərəsi sınmış sərnişin təyyarəsinin təcili enişindən sonra özünün “Boeing 737 MAX 9” tipli təyyarəsini istismardan çıxarmaq qərarına gəlib.
Gununsesi.info xəbər verir ki, bu barədə Türk Hava Yollarının (THY) mətbuat müşaviri Yəhya Üstün bildirib.
“”Alaska Airlines”a məxsus Boeing 737 MAX 9 təyyarəsində baş verən insidentdən sonra səlahiyyətlilərin ilkin araşdırması nəticəsində Türk Hava Yolları donanmasında olan 5 Boeing 737 MAX 9 təyyarəsinin ehtiyat tədbiri olaraq yoxlanılması tələb olunub. Hadisə ilə bağlı texniki baxış prosesi tamamlanana və səlahiyyətlilər tərəfindən tələb olunan tədbirlər görülənə qədər Türk Hava Yolları donanmasında olan 5 ədəd Boeing 737 MAX 9 təyyarəsini ilk eniş edəcəyi hava limanında fəaliyyətdən geri çəkməyə qərar verib”, – deyə o qeyd edib.
ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) verdiyi açıqlamada, ABŞ hava yolları tərəfindən və ya ABŞ sərhədləri daxilində istifadə edilən bəzi “Boeing 737 MAX 9” tipli təyyarələrin müvəqqəti olaraq uçuşdan çıxarılması əmri veriləcəyi bildirilib.
Açıqlamada qısa müddət ərzində dərc olunacaq “Təcili Uçuşa Yararlılıq Direktivi”nə görə yoxlanılmamış təyyarələrin gələcək uçuşlardan əvvəl yoxlanılmasını tələb edəcəyi və lazımi yoxlamaların hər təyyarə üçün təxminən 4-8 saat çəkəcəyi bildirilib.Açıqlamada bu qərarın dünya üzrə təxminən 171 təyyarəni əhatə edəcəyi qeyd edilib.
Xatırladaq ki, ABŞ-ın Alyaska Hava Yollarına məxsus Boeing 737 MAX 9 tipli sərnişin təyyarəsi havada olarkən gövdəsinin bir parçasının qopması səbəbindən yanvarın 5-i axşam saatlarında məcburi eniş edib.
Oreqondan Kaliforniyaya gedən təyyarə havaya qalxdıqdan təxminən 35 dəqiqə sonra təcili eniş etməli olduğu halda, gövdə parçasının qopduğu hissədə sərnişinlərin olmadığı bildirilib.
Alaska Hava Yolları tərəfindən edilən yazılı açıqlamada, təyyarənin 171 sərnişin və 6 kabinə işçisi ilə təhlükəsiz eniş etdiyi açıqlanıb.
Açıqlamada 65 ədəd 737 MAX 9 tipli təyyarənin texniki baxış üçün müvəqqəti olaraq xidmətdən çıxarılacağı və yoxlamaların bir neçə gün çəkəcəyi təxmin edildiyi bildirilib.
Milli Nəqliyyat Təhlükəsizliyi Şurası hadisə ilə bağlı araşdırmalara başlayıb.
Gununsesi.info