“Bayram ərəfəsi və tətil günlərini əhatə edən 10 gün ərzində xaricə səyahət edən və ölkə ərazisinə daxil olan şəxslərin sayında ciddi artım müşahidə olunub. Belə ki, bu müddət ərzində, ümumilikdə 537 224 şəxs və 44021 yüngül minik nəqliyyat vasitəsi ölkənin gömrük sərhədindən keçib ki, bu da gün ərzində 53 mindən artıq sərnişin, 4400-dən artıq minik avtomobili deməkdir”.
Gununsesi.org xəbər verir ki, bu barədə məlumatı Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov yayıb.
Bildirib ki, bəzi sosial şəbəkə istifadəçiləri bayram günlərində gömrük-sərhəd keçid məntəqələrinin fəaliyyəti ilə bağlı həqiqətə uyğun olmayan və subyektiv amillərə əsaslanan paylaşımlar etməklə gömrük orqanlarına qarşı əsassız ittihamlar irəli sürürlər:
“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 305 saylı qərarının yanlış şərh olunması və bəzi fiziki şəxslərin bu qərarın müddəalarına əməl etmək istəməməsindən qaynaqlanan ittihamlara cavab olaraq bildiririk ki, hər bir fiziki şəxs hər təqvim ayı ərzində bir dəfə gömrük ərazisinə 30 kiloqrama qədər müxtəlif növ ərzaq məhsulları gətirə bilər. Lakin aparılan araşdırmalar onu göstərir ki, bir çox hallarda bu kimi məhsulların şəxsi istifadədən artıq miqdarda gömrük sərhədindən keçirilməsinə cəhd göstərilir. Bu zaman gömrük orqanlarının qanunvericiliyə uyğun şəkildə həyata keçirdiyi nəzarət tədbirləri ilə razılaşmayanlar isə sosial şəbəkələrdə paylaşımlar edərək qanunsuz əməllərinə haqq qazandırmağa, gömrük orqanlarına təzyiq göstərməyə çalışırlar. Bir daha bildiririk ki, ölkənin gömrük sərhədindən mal və nəqliyyat vasitələrinin keçirilməsi qanunvericiliyə uyğun şəkildə tənzimlənir. Gömrük orqanlarının fəaliyyəti qanunvericiliyin tələblərinə riayət edilməsinin təmin etməkdir və bu fəaliyyət ilk növbədə vətəndaş məmnuniyyətinin təmin olunmasına əsaslanır”.
COMMENTS