Gərginlik artır: ABŞ İranın hərbi obyektlərini vuracaq

İordaniya-Suriya sərhədində ABŞ hərbi bazasına pilotsuz uçuş aparatının (PUA) hücumu və 3 ABŞ əsgərinin ölümündən sonra ABŞ-ın İraq və Suriyada İran personalının yerləşdiyi obyektlərə hücum planları hazırladığı üzə çıxıb. 

Gununsesi.info xəbər verir ki, ABŞ rəsmiləri bir neçə gün ərzində İraq və Suriyadakı İran personalı və obyektləri də daxil olmaqla hədəflərə qarşı bir neçə zərbə planının təsdiqləndiyini təsdiqləyiblər.

Zərbələr ABŞ-ın bölgədəki qüvvələrini hədəf alan pilotsuz təyyarə və raket hücumlarına, o cümlədən İordaniyanın Suriya ilə sərhədi yaxınlığındakı ABŞ bazasına 3 əsgərin ölümünə səbəb olan pilotsuz təyyarə hücumuna cavab olaraq həyata keçiriləcək.

“CBS News”a danışan səlahiyyətlilər, hava şəraitinin hücumların zamanında əhəmiyyətli bir faktor olacağını və ABŞ-ın pis hava şəraitində hücumlar həyata keçirmə qabiliyyətinə sahib olduğunu, lakin seçilmiş hədəflərin daha yaxşı görünməsinə üstünlük verdiyini söyləyib. Bölgəyə son anda girə biləcək mülki vətəndaşların təsadüfən vurulmasına qarşı tədbir görülüb.

Rəsmilər həmçinin Ədən körfəzi üzərində daha bir PUA-nın vurulduğunu, partlayıcı yüklü PUA-nın isə Qırmızı dənizdə məhv edildiyini bildirib.

Xatırladaq ki, İranın dəstəklədiyi “Kətaib Hizbullah” milis qruplaşması ABŞ qüvvələrinə qarşı hərbi əməliyyatları dayandırdığını elan etdikdən sonra regionda ABŞ əsgərlərinə qarşı yeni hücumlar baş verməyib. ABŞ rəsmilərindən qrupun elan etdiyi dayandırma qərarının ABŞ ordusunun cavab hücumlarını gecikdirdiyinə dair heç bir açıqlama verilməyib.

İsrailin HƏMAS-la müharibəsi davam edərkən, Yaxın Şərqdə İranın dəstəklədiyi bir sıra qruplar ABŞ və İsrailə bağlı təşkilatlara hücumlarını artırıb.

HƏMAS-ın əsas dəstəkçisi olan İran, Qırmızı dəniz və Ədən körfəzində gəmilərə hücum edən Yəməndə husilər və İsrail qüvvələri ilə müntəzəm olaraq sərhədyanı münaqişələrdə iştirak edən Livanda “Hizbullah” da daxil olmaqla, bölgədəki bir neçə qrupa dəstək verir.

Gununsesi.info