Ermənistan Rusiyadan üz döndərir? – Paşinyandan NATO AÇIQLAMASI

Ermənistan NATO ilə alyansa daxil olmaq imkanını müzakirə etməyib və müzakirə etmir.

Gununsesi.info xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan “The Daily Telegraph”a müsahibəsində deyib.

Paşinyan qeyd edib ki, KTMT-də üzvlüyün saxlanılması məsələsi mübahisəli sayıla bilər.

“Ermənistanda [müdafiə] alyanslara üzvlük strategiyasının Ermənistanın uzunmüddətli maraqlarına uyğun olub-olmaması və nə dərəcədə uyğun olması ilə bağlı müəyyən müzakirələr gedir”, – Paşinyan əlavə edib.

Paşinyan xatırladıb ki, hələ 2022-ci ilin əvvəlində CNN-ə müsahibəsində o, Ukraynadakı vəziyyətə gəldikdə Ermənistanın “Rusiyanın müttəfiqi olmadığını” vurğulayıb.

“Bu, əslində reallıqdır. Bununla belə, onu da vurğulamaq istəyirəm ki, bizim ABŞ, Fransa və ya digər tərəfdaşlarla təhlükəsizlik sahəsində əməkdaşlığımız bu sahədə digər tərəfdaşımıza qarşı yönəlməyib”, – baş nazir bildirib.

Nikol Paşinyan deyib: “Bəzi tərəfdaşlarımız bizim başqaları ilə münasibətlərimizdən və ya bu əlaqələrin onların təhlükəsizlik gündəliyinə necə təsir edə biləcəyindən narahat ola bilər”.

Onun sözlərinə görə, İrəvan bütün tərəfdaşlarla “ümumi gündəmi mümkün qədər şəffaf şəkildə müzakirə etməklə bununla bağlı problemləri həll etməyə çalışır”.

Paşinyan həmçinin bildirib ki, “Ermənistan Rusiya ilə əməkdaşlıqdan, xüsusən də təhlükəsizlik sahəsində əməkdaşlıqdan imtina etdiyini deməyib.

“Biz bu sahədə əlaqələrimizin şaxələndirilməsi haqqında danışdıq. Amma bu o demək deyil ki, biz bu sahədə Rusiya ilə münasibətləri kəsirik”, – Paşinyan bildirib.

Baş nazirin sözlərinə görə, bu o deməkdir ki, İrəvan Avropa İttifaqı (Aİ), Fransa, ABŞ, İran, Hindistan və digər ölkələrlə əlaqələr qurur və bu, artıq bu gün reallıqdır.

O, həmçinin qeyd edib ki, Ermənistanın yeni təhlükəsizlik tərəfdaşları ilə münasibətləri Rusiyaya qarşı deyil.

“Onlar sadəcə olaraq göstərirlər ki, bu sahədə əvvəlki münasibətlər İrəvanın ehtiyaclarına cavab vermir”, – Ermənistan hökumətinin başçısı əlavə edib.

Ermənistanın baş naziri onu da bəyan edib ki, o, Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) orderi ilə bağlı bəzi şəxslərin, o cümlədən Rusiya prezidenti Vladimir Putinin həbsi ilə bağlı qərarlar qəbul etmir.

“2018-ci ildən sonra Ermənistanda məhkəmə-hüquq sistemində ciddi islahatlara başlanılıb və bu sahədə böyük irəliləyişlər qeydə alınıb. Bizdə kimin həbs ediləcəyinə, kimin həbs olunmayacağına qərar verən baş nazir deyil”, – o, Rusiya prezidenti Vladimir Putinin İrəvana BCM-nin orderi ilə bağlı gələcəyi təqdirdə həbs oluna biləcəyi ilə bağlı sualı cavablandırarkən deyib.

2023-cü il martın 17-də Beynəlxalq Cinayət Məhkəməsi Rusiya prezidenti Vladimir Putin, eləcə də Rusiya prezidentinin uşaq hüquqları üzrə komissarı Mariya Lvova-Belovanın həbsinə order verib.

Gununsesi.info