“Evin içərisi insanlarla dolu idi. Hamısı hönkür-hönkür ağlayırdı…”
“Behbud xan Cavanşirin qardaşı Türkiyədə modellik edirdi?”
“Onun çox bahalı bir saat kolleksiyası vardı”
Behbud xan Cavanşir – Görkəmli dövlət xadimi, Azərbaycan Demokratik Respublikasında Daxili İşlər naziri, Ticarət və Sənaye naziri müavini, Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın nəticəsi, Azad xanın oğlu. 1921-ci il iyulun 18-də saat 23 radələrində İstanbulun “Pera-Palas” otelinin önündə “Daşnaksütyun” partiyasının üzvü və Ermənistan ordusunun keçmiş əsgəri Misak Torlakyan Behbud Xan Cavanşiri üç güllə ilə qətlə yetirib və həbs olunub. Həmin vaxt İstanbul ingilis işğalı altında olduğundan cani cinayət hadisəsindən 20 gün sonra ingilis hərbi tribunalında mühakimə edilib. Prokuror qatil üçün ölüm cəzası istəyib, lakin o, 24 saat içərisində Türkiyədən uzaqlaşdırılıb. Yerinə gələn prokuror isə müttəhimə bəraət istəyir və qatil Torlokyan gecə ikən qaçırılıb. 1921-ci il iyulun 18-də Behbud Xanın ölümündən sonra dəfn mərasimi kütləvi nümayişə çevrilib. Həmin vaxt terrorçu Mişaq Torlakyan ingilis hərbçilərinin qərargahının yerləşdiyi “Kroker” otelində saxlanılıb. “Daşnaksütyun” partiyasının üzvü olan M. Torlakyan Azərbaycanda 1918-ci il mart soyqırımında xüsusi fəallıq göstərib.
HafizTimes.com Azərbaycan mətbuatı tarixində ilk dəfə olaraq Behbud xan Cavanşirin varislərinin axtarışına çıxıb. Bir ilə yaxın davam edən axtarışlarımız nəticəsində nəhayət ki, Cavanşir ailəsinin davamçılarını Türkiyədə tapıb həmsöhbət olmağa çalışdıq. Qarabağ xanının varisləri HafizTimes.com-a eksklüziv müsahibələrində ailələri ilə bağlı indiyə qədər gizli qalmış bir çox məqamlara aydınlıq gətirməyə çalışıblar. Cavanşir ailəsinin varisləri fotolardan ibarət şəxsi arxivlərini də özəl olaraq HafizTimes.com-a təqdim ediblər.
Bekir Emre – İdman yazarı. Türkiyədə tennis idman növü ilə bağlı ən önəmli şəxslərdən biridir. Bir çox Beynəlxalq Tennis Turnirlərinin təşkilatçısıdır. O, Behbud xan Cavanşirin Türkiyədə yaşamış qardaşı Cümşüd Cavanşirin yeganə nəvəsidir. HafizTimes.com çox çətinliklə də olsa Bekir Emreni tapıb və onunla həmsöhbət olmağa çalışıb:
– Türkiyənin ilk həkim xanımlarından olan Semiramis Tezelin bacısı Hamiyet xanım Azərbaycan Xalq Cümhuriyyəti naziri Behbud xan Cavanşirin qardaşı Cemşid Cavanşirin (Cümşüd) həyat yoldaşı olub. Behbud xan Cavanşirin digər qardaşı Surxay Cavanşirin həyat yoldaşı isə Nüzhet Erenyol olub. O, Türkiyənin məşhur teatr aktyoru Haldun Dormenin yeznəsi (bacısı Gülər Dormenin həyat yoldaşı) Hikmet Erenyolun bacısı olub.

(Surxay xan Cavanşir)
– Sürhay Cavanşir (Surxay) orta məktəbi Bakıda bitirib. Daha sonra Dresden Technische Hochschule-də mühəndislik ixtisası üzrə təhsil alıb. Bursa Elektrik İdarəsi rəisi olaraq karyerasına başlayıb. İzmir Nafia rəisi, İstanbul Elektrik Su Hava İdarəsi rəisi və İstanbul Nafia Şirkətlər rəisi olub. Bir müddət Sümerbankda mühəndis işləyib. 1939-cu ildə IETT (İstanbul Elektrik Tramvay və Tunel Müəssisələri birliyi) Texniki bölməsinə rəhbər təyin edilib. 1944-cü ildə IETT Baş İdarəsinin Texniki Müşaviri vəzifəsinə təyin edildi. 1958-ci ildə təqaüdə çıxıb.

(Behbud Xan Cavanşirə Balaxanıdakı Şibayevin mədənlərində çalışan həmkarlarından hörmətlə)
Cemşit Cavanşir qardaşı Behbud xan Cavanşirin qətli ilə bağlı məhkəmə prossesləri ilə əlaqədar olaraq Haydar Rıfat bəyin evinə tez-tez getməli olurdu. Həmin vaxt Haydar Rıfat bəy evini ofis kimi istifadə edirdi. Cemşit Cavanşir evə girib-çıxan zaman Haydar bəyin qızı Hamiyet xanımla tanış olub, bir-birini seviblər. Hər iki tərəfin razılığı ilə İstanbulda ailə həyatı qurublar. Nikahdan sonra onlar Haydar Rıfat bəyin evinə köçüblər və illərlə həmin evdə yaşayıblar. Həmin evdə bu gün mən yaşayıram…
Cemşit Cavanşirlə Hamiyet xanımın nigahından iki övladları dünyaya gəlib. Qızları Mələk Cavanşir Münhendə dünyaya göz açıb. Cemşit Cavanşir iş üçün Münhenə getməli olub. Həkimlər həmin vaxt hamilə olan Hamiyet xanıma tövsiyyə ediblər ki, doğuş riskli olacaq, Almaniyada xəstəxanaya getsin. Bundan sonra Haydar Rıfat bəy qızı Hamiyeti də götürüb Almaniyaya, kürəkəni Cemşit Cavanşirin yanına gediblər. Geri qayıtdıqları zaman alman tibb bacılarından birini də özləri ilə İstanbula gətiriblər ki, uşağın qayğısına qalsın. Bu tibb bacısı 86 yaşında vəfat edənə qədər Haydar Rıfat bəyin evində, ailənin bir üzvü kimi yaşayıb.
Cemşit Cavanşirlə Hamiyet xanımın ikinci övladı oğlan doğulur. Adını isə Behbut Cavanşir qoyurlar. Cemşit bəy oğluna şəhid olmuş qardaşı Behbud xan Cavaşirin adını qoyub.
Mələk Cavanşir, yəni mənim anam isə Selim Emre ilə ailə həyatı qurur. Atam Selim Emre çox gənc – 39 yaşında, 1953-cü ildə vəfat etdi. Selim Emre Mələk Cavanşir cütlüyündən mən dünyaya gəlmişəm. Adımı isə Haydar Bekir Emre qoyublar.
Mən isə iki dəfə ailə həyatı qurdum. İlk həyat yoldaşından Tuvana Deniz Emre Vetmore adlı bir qızım var. Deniz Emre hazırda həyat yoldaşı və oğlu Alexander, qızı Alya ilə birlikdə Amerikada yaşayırlar…

(Bekir Emrenin qızı və kürəkəni )
Cemşit Cavanşir hətta o illərdə hərbi xidmətdə də olub. Hamiyet xanım isə olduqca sakit təbiətli evdar qadın idi. Uşaq vaxtdan ona da alman dili də öyrədiblər. Onlar alman mədəniyyətinin təsirində böyüyüblər.
Ötən il dekabrın 18-də İstanbulda Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər naziri Behbud xan Cavanşirin xatirəsinə ucaldılan abidənin açılışı olub. Azərbaycanın İstanbuldakı baş konsulluğunun təşkilatçılığı, İstanbul Valiliyi və İstanbul Böyükşəhər Bələdiyyəsinin dəstəyi ilə hazırlanan xatirə abidəsi şəhərin tarixi bölgələrindən olan Beyoğlu rayonunda, Behbud xan Cavanşirin erməni terrorçu tərəfindən qətlə yetirildiyi “Pera Palas” otelinin qarşısında yerləşdirilib. Abidənin qoyulması layihəsi Azərbaycanın İstanbuldakı Baş konsulluğu tərəfindən irəli sürülüb.

(Mahir Əliyev Behbud xan Cavanşirin abidəsinin açılışında)
Həmin mərasimdə çəkilən fotolardan birini Cavanşir ailəsinin Türkiyədəki yaşayan məşhur nümayəndəsi Bekir Emreyə yolladıq. Fotonun müəllifinin fikirlərini də olduğu kimi qeyd etdik: “Açılış mərasimində iştirak edən Mahir bəy Behbud xan Cavanşirin kiçik qardaşının nəvəsidir”
HafizTimes.com Behbud xan Cavanşirin Türkiyədə yaşayan qardaşı nəvəsi Bekir Emrenin fikirlərini olduğu kimi təqdim edir:
– Behbud xan Cavanşirin qardaşlarının Mahir bəy adlı qohumu olmayıb. Bəlkə də o şəxs yalan danışır… Çünki Behbud xanın yalnız iki qardaşı olub Surxay və Cemşid Cavanşirlər. Cemşid Cavanşir Hamiyet xanımla evlənib. İki övladı olub: Mələk xanım və Behbud bəy. O, erməni Torlakyanın öldürdüyü qardaşının adını öz oğluna qoyub. Mələk xanım isə mənim anamdır. O, 5 il öncə vəfat etdi. Surxay Cavanşir isə Nüzhet Erenyola ilə evləndi. Surxay xanın isə iki qızı olub: Bala və Sara Cavanşirlər. Onların heç birinin övladı yoxdur. Heç vaxt ailə həyatı qurmayıblar. Məndən yaşlıdırlar. Mahir bəy kimdi? Biz tanımırıq. Sizdən xahiş edirəm ki, Mahir Bəyin kim olduğunu araşdırın və mənə də məlumat verin…

(Cümşüd xan Cavanşir)
Azad xanın 3 oğlu olub: Behbud, Sürhay və Cemşit. Onların 3-ü də İstanbula qaçıblar. Behbud xanın yanında rus həyat yoldaşı Tamara da olub. Erməni Misak Torlakyan da Behbud xanı “Pera-Palas” otelinin önündə qətlə yetirib. İki qardaş Sürhay və Cemşit Cevanşirlər isə İstanbulda məskunlaşıb.
Sürhayın qızları Sara və Bala Cavanşirlərlə də əlaqə saxlayıram. Uzun müddət ölkə xaricində yaşadılar. Sara həkim işləyib. İndi qocalıblar. Onlar da Mahir adlı bir şəxsi tanımırlar…
Əgər Behbud xan Cavanşir Rusiyada başqa bir qadınla da evlənibsə bu Mahir bəy də onun övladı ola bilər… Amma dəqiq heç nə bilmirəm.

(Surxay xan Cavanşir)
– Sizin yaşadığınız ərazinin yaxınlığında Behbud Xan Cavanşirin xatirəsinə abidə ucaldıldı. Sizi niyə həmin açılış mərasiminə dəvət etmədilər?
-Bu barədə mənə məlumat verilməyib. “Aferin bu tam onlara göre bir haraket!” Belə bir açılış tədbiri keçiriləcəkdisə məni də dəvət etməli idilər. “Hatta rica edilir”. Mən hər şeydən öncə bu Mahir bəyin kim olduğunu bilmək istəyirəm…
-Həmin vaxt nə hisslər keçirdiniz?
-Buna görə heç narahat olmuram. Dəvət etmək istəmədilər və dəvət də etmədilər. Onlar Mahir bəyi dəvət ediblər… Mən ora gedənlərdən fərqli olaraq həm babam Cemşid Cavanşiri, həm də Sürhay Cavanşiri canlı olaraq görmüşəm. Onların həyatlarının necə keçdiyini də çox yaxşı bilirəm…

(Cümşüd Xan Cavanşirin oğlu həkim Behbud Cavanşir)
-Babanız Cümşüd Cavanşir oğluna yəni sizin dayınıza da Behbud Cavanşir adını qoymuşdu. Dayınız, həkim Behbud Cavanşirlə bağlı bilmək istərik. O, necə bir həyat yaşadı?
-Dayım Behbud Cavanşir 1926-ci ildə İstanbulda dünyaya göz açıb. Galatasaray liseyindən məzun olub. Daha sonra İstanbul Tibb Fakültəsini QBB (qulaq,burun, boğaz) ixtisası üzrə bitirib. Berlin və Hannover Universitetlərində çalışıb. 1971-ci ildə professor olub. Bu sahədə bir çox mühüm araşdırmaların müəllifidir. 29 noyabr 1999-cu ildə 73 yaşında vəfat etdi. Türkiyədə ən uzun müddətli klub prezidenti olub. Təxminən 27 il tennis klubunun prezidenti vəzifəsini icra edib.
Dayım Behbud Cavanşir heç vaxt Azərbaycana getməyib. Ailə qurmuşdu. Ömrünün sonuna qədər həyat yoldaşı ilə yaşadı. Təəssüf ki, heç vaxt övladı olmadı. Dayım həkim Behbud Cavanşirlə bağlı bir neçə il öncə yazdığım bir köşə yazısına diqqət yetirin:

(Həkim, tennisçi Behbud Cavanşir)
“Behbud Cavanşir – İstanbulun varlı ailələrindən birinin övladı kimi pambıq içərisində tələbəlik keçirmək yerinə, Qalatasarayda yatılı bir məktəbdə qalmağı seçdin. Atanın daş mədənlərini idarə etmək yerinə tibbi təhsili almağı seçdin. Adanada hərbi xidmətdə olan zaman ailən evlənməyinə qarşı çıxdı. Sevdiyini, nişanlını qaçırıb ailə həyatı qurdun. Ömrünün 55 ilini onunla bölüşdün. Atan sahələrdə pullar səpərkən sən Almaniyada iki otaqlı balaca bir evdə ixtisas sahibi olmağı seçdin… İxtisasla bağlı imtahanda “almancanız kifayət deyil” sözünü eşitdiyin zaman da “lənət olsun” demədin. Yenidən oxudun və birinci yerin sahibi oldun. Heç kimə arxalanmadın. Əvvəl dosent, sonra da professor oldun. Nazmi (Bari) və Suzan (Gürel) ilə birlikdə tennisdə möhtəşəm bir dövrə imza atdınız. Klubun prezidenti oldun. 26 il rəhbər vəzifəsini icra etdin. Bu 26 ildə heç kimi incitmədin. Başqa rəhbərlər klubu məhv edərkən sən idmançıların qışda da məşq etmələri üçün idman salonunu xilas etdin. Onlar üçün pul və mənfəət hər şeydən, ölkədən də üstün idi. Buna görə sən onları inandıra bilmədin. Bir çox bələdiyyə sarayından qovuldun, bir çox bank sahibi tərəfindən təhqir edildin. Sən imtina etmədin. İki ildən sonra ölkənə ən müasir klubu təqdim etdin. Sən yalnız memar, mühəndis kimi çalışmadın. Sən həm də uçan pulları geri qaytardın. Heç kim səndən bir söz, təhqir eşitmədi. İdmançları Amerikada oxutdun. Hətta ailələrinə maddi-mənəvi dəstək oldun. Əməliyat otağını (xəstəxana) isitmək əvəzinə müxtəlif qanunsuz işlər görən fakültə işçilərinə layiqli cavab verdin, polisə düşdün. Camaat özəl klinikalarda fəaliyyət göstərərkən, sən sənə inanan bir neçə həkimlə birlikdə Halıcıoğlu’nda böyük bir “Eşitmə Uşaq Mərkəzi” açdın. Neçə-neçə xəstə uşaq sənin sayəndə eşidir və danışmağı öyrəndi. Türk tennisini xaricdə tanıtdın.
-Öz əlinlə vəzifə sahibi etdiklərin, öz əlinlə bəslədiklərin sənə çox pis xəyanət etdilər. Amma sən onlara doğru yolu göstərmək üçün mübarizə apardın. “Onları görən zaman niyə ayaq üstə durursunuz?”- deyə sizə sual veriləndə cavab verdin ki, “onlar utansın!”. Bütün ömrün boyu heç kimdən küsmədən, incimədən yaşadın. Həyatın xəstələr, müəllimlər və idmançılar arasında keçdi. Nə qədər də xoşbəxtsən! Bəlkə də ölümü də vaxtında seçdin. Belə bir şərəfli ömür bu pisliklərə daha tab gətirə bilməzdi. Bu dünyadan qəflətən köçməyindən artıq 21 il (29 Noyabr 1999) keçir. Sən həqiqətən mənim dayım idin. Amma mən səni heç vaxt tanıya bilmədiyim atamın yerinə qoydum…Kiçik bir uşaq olsam da çox düzgün bir qərar vermişdim…Bütün ömrüm boyu belə yaşadım. Səni hər dəfə xatırlayan zaman həsrət çəkirəm. Yaxşılığının, dürüstülüyünün dərinliyini fikirləşdikcə qürur duyuram. Çox çoxbəxtəm ki, hələ də səni özümə örnək bilirəm…

(Rəşid ağa Cavanşir)
-Siz niyə indiyə qədər ailəniz, Behbud xan Cavanşirlə bağlı danışmadınız? Niyə hər şeyi gizli saxladınız?
–Mən özüm hər şeyi yaxşı bilirəm. Nə üçün bu barədə danışmalıyam ki?! Anam Mələk Cavanşir də əmisi Behbud xan Cavanşirlə bağlı heç vaxt mənə danışmayıb. Bəlkə də çox məlumatlı deyildi. Cemşid babam isə qardaşının qətli ilə bağlı mənə çox az danışıb. O vaxtlar mən uşaq idim. Həmin məlumataları isə indi hər kəs bilir. Bu barədə kitablar yazılıb…
Sizdən 2-ci xahişim də var. Təxminən 50 il öncə mən hərbi xidmətdə olan zaman Azərbaycandan iki xanım Türkiyəyə, bizim evə qonaq gəliblər. Həmin xanımlar mənim anamla da görüşüblər. Birlikdə yemək yeyiblər. Anam mənə onların kimlikləri ilə bağlı məlumat vermədi. Siz də bir araşdırmaçı jurnalist kimi araşdırın görün o qadınlar kim idi? Bu mənə çox maraqlıdır…
-Azərbaycandakı qohumlarınız barədə nə bilirsiniz? Bəlkə Mahir bəy də sizin doğma qohumunuzdur?
-Necə ola bilər ki, bu illər ərzində İstanbula gələn Behbud xanın qohumaları bizi axtarıb tapmadılar?! Əgər Behbud xanın belə qohumları vardısa bizi mütləq İstanbulda axtarıb tapmalı idilər.

(Behbud xan Cavanşirin Azərbaycanda qalan bacısı Dilşad bəyim)
-Ananız Mələk Cavanşir ailəsi bağlı sizə nə danışardı?
-Mənim anam Mələk xanım evdar qadın idi. Heç bir yerdə işləmirdi. Təhsilli deyildi. Ailəsi, Azərbaycanla bağlı mənə heç vaxt danışmayıb.Səbəbini də bilmirəm.

(Rəşid ağa Cavanşir ailəsi ilə birlikdə)
-Azərbaycana gəlmək istərsiniz?
-Heç vaxt Azərbaycana getməmişəm. Amma işlərimi tənzimləyib ora getmək, qohumlarımı tapmaq, görmək istəyirəm. Əvvəlcə siz Behbud Xan Cavanşirin İstanbuldakı abidəsinin açılış mərasimində iştirak edən Mahir bəyin kim olduğunu araşdırın…
Cavanşir qardaşları ilə bağlı həmin illərdə Türkiyə mətbuatında yayımlanan bəzi məlumatları da HafizTimes.com olaraq araşdırdıq. Türkiyənin ən zənginlərinin həyatlarını əks etdirən məqalələrdə (sosyete dergisi) Cavanşirlərin adları da xüsusi olaraq qeyd olunub:
-“Hamiyet Cavanşir iti “Daddy”ni uşağı qədər çox sevirdi”.
-“Nüzhet Cavanşir (Erenyol) gecədə ən diqqəti çəkən qonaqlardan idi”
-“İlin ən yaxşı geyinən qadın və kişilərinin siyahı”sında Cemşid Cavanşirin də adı ön pillədədir
-“Məşhur bir modelyerin atleyelərində verdiyi çaylı moda şoularında tək model kim idi?”- sualının cavab variantlarında Cemşid Cavanşirin də adı qeyd olunur…
HafizTimes.com olaraq sözügedən Mahir Əliyevi tapıb, həmsöhbət olduq. O, ailəsi ilə bağlı gizli qalmış bütün məqamlara aydınlıq gətirdi. Cavanşirlər ailəsinin fotolardan ibarət şəxsi arxivini də HafizTimes.com-a təqdim etdi:
– Behbud Xan Cavanşirgil dörd qardaş, bir bacı olublar. Behbud xan ailədə böyük qardaş idi. Daha sonra Cümşüd, Surxay və Rəşid Ağa. Sizinlə əlaqə yaratmağıma kömək edən Tatyana Cavanşirin atası Əkbər dayı uşaq yaşlarında yetim qalmışdı. Behbud xan onu elə bil ki, qeyri-rəsmi olaraq övladlığa götürüb böyütmüşdü. Əslində o, Behbud xanın dayısı oğlu idi. Behbud xan Cavaşirin doğma övladı olmayıb.

(Tatyana Cavanşir və qızı)
-Cümşüd xan Cavanşirin nəvəsi Bekir Emre sizi tanımadığını qeyd etdi. Bu barədə nə demək istərsiniz? Siz Behbud xan Cavanşirin qohumusunuz?
-Mən Behbud xan Cavanşirin Azərbaycanda qalan kiçik qardaşı Rəşid ağa Cavanşirin nəvəsiyəm. Yəqin ki, sizin Türkiyədə tapıb üzə çıxardığınız Bekir Emre bəy Rəşid Ağa Cavanşirin varlığından xəbardar olmayıb. O, heç Azərbaycandakı qohumlarını da tanımır. Biz də heç onu tanımırdıq… Sizin araşdırmanız nəticəsində tanıdıq. Mən indi bütün həqiqətləri sizə açıqlayıram.

(Rəşid ağa Cavanşir)
Rəşid ağa Cavanşir Behbud xan Cavanşirin kiçik qardaşı, Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın nəticəsi, Azad xanın oğlu olub. Məşhur Cavanşir nəslindən olan Rəşid ağa Cavanşir 1889-cu ildə Cavanşir qəzasının Qaraqoyunlu kəndində Azad ağanın ailəsində dünyaya gəlib. Behbud xanın qətlindən sonra qardaşları Cümşüd və Surxay ağanın təkidinə baxmayaraq, İstanbula getməyib Bakıda qalıb. “Azərittifaq”da mühasib işləyirdi. 4 qardaş olublar. Surxan bəy, Cümşüd bəy adlı qardaşları Türkiyəyə mühacirət edib. Rəşid Ağa Cavanşir bir müddət Qarabağda yaşasa da, sonra Bakıya gələrək işə düzəlib. 1937-ci ilin dekabrında həbs edilərək güllələnib.

(Bəturə,Zəminə Cavanşirlər, övladları: İlqar,Tahir, Eldar, Mahir -1971-ci il.Türkiyəyə göndərmək üçün çəkilib)
Rəşid ağa Cavanşirin, yəni babamın iki qızı olub: Bəturə və Zəminə Cavanşirlər. Mən də Bəturə Cavanşirin övladıyam. Xalam Zəminə Cavanşirin isə iki oğlu vardı: İlqar və Eldar. 1991-ci ildə Eldar çox erkən yaşda “xərçəng” xəstəliyindən dünyasını dəyişdi. O, filologiya elmlər namizədi idi. İlqar isə məşhur bir jurnalda çalışır. Anam Bəturə, xalam Zəminə Cavanşirlər də vəfat ediblər.
Bəturə Cavanşirin 3 oğlu olub. Mən onun ilk övladıyam: Mahir, Tahir, Yalçın adlı qardaşlarım var. Anam isə 1996-cı ildə vəfat etdi.

(İlqar Kərimov və Tahir Əliyev)
-1976-cı ildə (1973 də ola bilər) Surxay Cavanşir Bakıya gəlmişdi. Bütün SSRİ üzrə iki aylıq tur paketi almışdı. Həmin tur paketlə turist kimi gələnləri əvvəl SSRİ-nin bütün böyük şəhərlərinə, ucqalarına aparıb gəzdirirdilər. Surxay Cavanşir də Bakıdakı qohumlarını 3 gün görmək üçün bütün SSRİ-nin ən ucqarlarına qədər gedib çıxmışdı… Bu tur zamanı Surxay Cavanşiri məcburən də olsa Orta Asiya ölkələrinin paytaxtlarına da aparmışdılar. Orada deyib ki, mən artıq buralarda qala bilmirəm: “Mən bu gün Bakıya, Vətənimə gedirəm. Bakıdakı qohumlarımın yanında qalmaq istəyirəm. İcazə verin mən öz Vətənimə gedim”.

(Surxay Cavanşiri qarşılayırıq. Hava limanı 1976-ci il. Rasim Kərimli də buradadır)
“Surxay Cavanşirin qəfil, illər sonra Azərbaycana gəlməsi bizim üçün əsl şok idi. Bütün qohumlarımız çox təəccübləndilər”.
-Behbud xan Cavanşirgilin Azərbaycanda bir doğma bacıları da qalmışdı. O, bir-iki dəfə Türkiyə məktub göndərmişdi. Qardaşları Cümşüdü, Surxayı görmək istədiyini qeyd edirdi. Surxay Cavanşir Azərbaycana gəlməmişdən bir il öncə bacıları vəfat etdi. O, Türkiyədə yaşayan qardaşlarının həsrətinə dözə bilmədi. 1918-ci ildə gördüyü qardaşı nəhayət 1976-cı ildə Bakıya yenidən qayıtdı….
“Həmin vaxt mənim 15 yaşım olardı. Təsəvvür edə bilməzsiniz ki… Biz Surxay Cavanşirə elə baxırdıq ki, elə bil başqa planetdən gəlib…”

(Zəminə Cavanşir, Dilşad bəyim, Sara nənə- R.Kərimlinin anası, Sənubər nənə )
-Behbud xan Cavanşirin Bakıda qalan bacısı kim idi?
-Onun adı Dilşad bəyim idi. Behbud xan Cavanşirin doğma bacısı idi. Dilşad bəyimin həyat yoldaşının adı Şahmar bəy idi. Ağdamın Əfətli kəndinin bəyi idi. Şahmar bəy də, mənim babam Rəşid ağa Cavanşir də repressiyaya məruz qaldılar. 1973-cü ildə isə Dilşad bəyim vəfat etdi. O, bütün ömrü boyu Türkiyədə olan qardaşlarının görmək həsrəti ilə yaşadı. Amma qardaşlarını görmək ona qismət olmadı…

(Dilşad bəyim)
Surxay Cavanşir 1976-cı ildə ilk dəfə Bakıya gələndə xahiş etdi ki, ona bacıları Dilşad bəyimi göstərək: “Bacımı görmək istəyirəm. Mənim bacım haradadır?!” Hətta onun halı pisləşdi…Biz onu bacısı Dilşad bəyimin məzarı üstünə apardıq. Surxay Cavanşir bacısının məzarı üzərində hönkür-hönkür ağlayırdı…Həmin anları heç vaxt unutmaram…
“Bir neçə ildir ki, mən də Türkiyəyə köçmüşəm. Mən şəxsən Türkiyədə yaşayan qohumlarımızı tapıb, onlarla əlaqə yaratmaq istəyirdim. Onlar isə elə bilirdilər ki, guya biz onlardan nəsə istəyirik, nəyəsə ehtiyacımız var və s.”
-Xalam Zəminə Cavanşirin oğlu İlqar da mənim qardaşımdır. Çünki, biz hamımız bir yerdə böyümüşük. Bizim heç birimizin nədəsə gözümüz yoxdur. Hətta digər qardaşlarım mənə deyirdilər ki, onlarla heç əlaqə qurmağa dəyməz! Onlar bizə yuxarıdan aşağı baxırlar…

(Atam Qasım Əliyev, anam, Tahir, nənəm və Yalçın)
Xalam Zəminə Cavanşirin həyat yoldaşı məşhur şair Rasim Kərimli idi. Surxay Cavanşir Bakıya gələn vaxtlarda mənim atam da Maliyyə Nazirliyində şöbə rəisi işləyirdi. Nazir atamı yanına çağırıb deyib ki, təcili ezamiyyətə getməlisən. Atam ona deyib ki, Türkiyədən bizim qonağımız gələcək icazə verin onunla görüşüm. Nazir isə atama deyib ki, məhz həmin qonağa görə sən ezamiyyətə getməlisən, burada olmamalısan: “Sabah Təhlükəsizlik Xidməti mənim üstümü kəsəcək ki, sənin işçinin yanına xaricdən adam gəlib. Məni çox incidəcəklər. Yaxşısı budur ki, sən özün o, gəlməmiş buraları tərk et”. Surxay Cavanşir Bakıya gəlib gedəndən iki-üç gün sonra atama Azərbaycana qayıtmağa icazə verdilər.
Zəminə Cavanşir, həyat yoldaşı Rasim Kərimli, anam Bəturə Cavanşir, nənəm hamımız birlikdə o vaxtın məşhur “Paz” avtobusu ilə hava limanına getdik. Biz ora çatanda artıq vəzifəli şəxslər bilirdilər ki, Türkiyədən kimsə Azərbaycana gəlir. Rasim Kərimli onlara bərk əsəbləşdi. Onu otağa apardılar. Rasim əmi uca səslə dedi ki, “camaat belə bir insanlarla fəxr edir, bunlar isə hələ bizi sıxışdırırlar ki, Surxay Cavanşir Azərbaycana niyə gəlir?!”

(Rəşid ağa Cavanşir ailəsi ilə)
Rasim Kərimli vəzifə sahiblərinə deyirdi ki, Surxay Cavanşir illər sonra öz doğma Vətəninə gəlir: “Sizə görə onlar Azərbaycandan uzaq düşüblər”. Vəzifəlilər isə Rasim Kərimlini məcbur edirdilər ki, Surxay Cavanşiri tez geri göndərsin . Və bir daha Azərbaycana qayıtmasın. Köhnə hava limanında Rasim Kərimlinin səsi hər yanı bürümüşdü. O, Surxay Cavanşirə qarşı göstərilən nalayiq münasibətə etiraz edirdi.
Biz çox çətinliklə də olsa Surxay Cavanşiri hava limanında qarşıladıq. Daha sonra onu köhnə “İnturist” mehmanxanasına apardıq. Orada Surxay Cavanşirlə Rasim Kərimlini bir otağa aparıb məcburi şəkildə kağızları imzaladıblar ki, Surxay Cavanşir gün ərzində nə etməsindən aslı olmayaraq axşam saat 11 tamamda oteldə olmalıdır.
Surxay Cavanşir çox əsəbləşmişdi. O, deyirdi ki, axı mən Vətənimi görməyə gəlmişəm. İcazə verin doğma yurdumu gəzim. Ona dedilər ki, sən heç Bakıdan Sumqayıta da gedə bilməzsən!
Bakıda Surxay Cavanşiri gəzdirdik, görməli yerlərə apardıq. Operaya baxmağa getdik. Surxay Cavanşir gülə-gülə dedi ki, mən Avropada bütün opera tamaşalarına baxıb gəlmişəm: “Bura gəlmişəm ki, Azərbaycan musiqisini eşidim, Vətənin havasını udum”. Bundan sonra Surxay Cavanşir üçün təşkil etdiyimiz proqramı tamamilə dəyişməli olduq.
Bakıdan getməyinə iki-üç gün qalmış Surxay Cavanşir qardaşı qızları Zəminə və Bəturə Cavanşirə dedi ki, sabah bu vaxt mən yalnız sizin üçün gələcəyəm və sizi özümlə Bakıda məşhur bir mağazaya aparacağam. O vaxt Qız Qalasının yanında “Çinar” adlı bir mağaza vardı. Anamgilə dedi ki, mən uzaq yoldan gəldiyim üçün şəxsən sizə heç nə gətirə bilmədim… Amma o, bizə – uşaqlara alman istehsalı olan bir qələm bağışlamışdı. Surxay əmi Zəminə xala ilə anama deyib ki, girin bu mağazadan nə istəyirsiniz alın: “Bütün xərci mən ödəyəcəm. Siz mənim qardaşımın övladlarısınız. Mənim də ürəyim rahat olar ki, qardaşım övladları üçün nəsə etdim”.
Surxay Cavanşir Bakıda deyirdi: “Türkiyədəki qardaşım Cemşid Cavanşir mənə dedi ki, Surxay Azərbaycana getmə, “KQB” səni güllələyə bilər”.
Surxay Cavanşir Türkiyəyə qayıtdı. Bir neçə il sonra Cümşüd Cavanşir Azərbaycandakı qardaşı qızları Bəturə və Zəminə Cavanşirləri Türkiyəyə dəvət etmək istəyib. Bu məqsədlə onların adına Bakıya dəvətnamə göndərib. Həmin dəvətnaməni 1 il sonra xalamgil alır. Həmin dəvətnamə bir il ərzində “KQB”də gizli saxlanıb.
Daha sonra isə Cümşüd Cavanşir xalam Zəminəyə bir məktub göndərdi. Məktubda qeyd edirdi ki, axı mən sizə bir ildir ki, dəvətnamə göndərmişəm. Siz niyə Türkiyəyə gəlmirsiniz? Niyə dəvətnaməyə cavab vermirsiniz? Bəlkə sizi Azərbaycandan buraxmırlar? Bəlkə buradakı səfirliklərə müraciət edim ki, sizin Türkiyəyə gəlməyinizə icazə versinlər?! Zəminə Cavanşir o dövrdə “siyasi səhv” buraxmadan əmisinə cavab yazdı ki, guya hər şey yaxşıdır, ailə-övladlar və işlə məşğul olublar: “Hər şeyimiz var. Özüm “Gənclik” redaksiyasında redaktor işləyirəm. Bacım Bəturə də uzun illərdir ki, həkim işləyir. Narahat olmayın. Tezliklə Türkiyəyə gedəcəyik”. Həmin məktubu göndərəndən sonra “KQB”dən bir inspektor Zəminə Cavanşirin yanına gəlib dedi ki, sizin bu səfəriniz baş tutacaq, narahat olmayın: “Siz bu məktubunuzda heç bir siyasi səhvə yol vermədiniz”.

(Cümşüd Cavanşirin dəvəti ilə Zəminə və Bəturə Cavanşir bacıları Türkiyəyə gedəcəklər)
Bir məqamı xüsusi ilə qeyd etmək istəyirəm. Anam Bəturə ilə xalam Zəminə Cavanşir Türkiyəyə ailə üzvlərini görməyə gedən zaman Bakıda bankda valyuta tapılmadı. Sovet pulunu dollarla dəyişmək üçün banka getmişdilər.Onların hərəsinə 12 dollar pul verdilər. Bankda da deyiblər ki, guya pul yoxdur, sizə yalnız 12 dollar verə bilərik. (İki nəfərə 24 dollar). 24 dollarla Sovet İttifaqından Ermənistan-Gümrüdən keçməklə Qarsa getməli idilər. Orada da hələ dəmir yolu çəkilməmişdi, İstanbula getməli idilər…

(Nənəm Sənubər Cavanşirova – Cəmillinskaya)
Bütün çətinliklərə baxmayaraq anam və xalam Qarsa-sərhədə qədər gedib çıxıblar: “Sərhədə çatanda hamı dağıldı. Yalnız biz iki bacı sərhəddə qaldıq. Ətrafa boylandıq. Heç bir yeri tanımırdıq. Birdən gənc bir oğlan bizə yaxınlaşıb dedi ki, “abla” (bacı) siz kimsiniz? “Misafirsiniz” (qonaq)? Hara gedirsiniz?”
-Biz Azərbaycandan, Bakıdan gəlmişik. İstanbuldakı əmilərimizi görməyə gedirik.
“Azərbaycan” sözünü deyən zaman həmin gənc oğlan hönkür-hönkür ağlamağa başladı:
“Mən də azərbaycanlıyam. Gəncədənik. Burada çoxlu azərbaycanlılar yaşayır. Sovet hakimiyyəti qurulanda Gəncədən xeyli sayda ailə İğdıra, Qarsa qaçmalı oldu”. Gənc oğlan həmin vaxt kimlərəsə zəng edib. Tez bir zamanda bir neçə maşın ora gəlib. Maşının içindən bir neçə kişi düşüb. Gəlib xalamgilin əllərini öpüblər, ağlaşıblar…Onları maşına mindirib aparıblar. Həmin kişilər Bəturə və Zəminə Cavanşirləri Qarsda iki mərtəbəli böyük bir evə gətiriblər. Həmin vaxt elə evlərə villa kimi baxırdılar… O vaxtlar Sovet İttifaqında isə “xruşovka” və “stalinka” tipli binalar vardı. Anam mənə danışırdı ki, biz evə daxil olduq: “Evin içərisi insanlarla dolu idi, yaşlı, ağsaqqal, qadın, uşaq, gənc və s. Hamısı hönkür-hönkür ağlayırdı… Deyirdilər ki, biz Vətənimizin qoxusunu sizdən aldıq…”

(Yalçın Əliyev -Rəşid ağa Cavanşirin nəvəsi, jurnalist )
Anamla xalamı iki gün məcbur orada qonaq ediblər. Qarsdan avtobusa bilet alıb getmək istəyəndə Zəminə Cavanşir deyib ki, bizim pulumuz var, yol pulunu özümüz verəcəyik. Həmin 24 dolları Zəminə Cavanşir cibindən çıxarıb. Ordakılar deyiblər ki, siz o ölkədən bu ölkəyə cəmi bu 24 dollarla gəlmisiniz? Sizi bu pul ilə yola salıblar?! Onlar bileti özləri alıb. Sürücüyə də deyiblər ki, bu xanımlar nə desələr yerinə yetir, avtobusdan düşəndə onları taksiyə mindir və dedikləri ünvana yola sal: “Geri qayıdanda isə mütləq Qarsda bizim yenidən qonağımız olun”.
Nəhayət Bəturə və Zəminə Cavanşirlər əmiləri Cümşüd Cavanşirin evinə gedib çatırlar. Cümşüd Cavanşir əvvəllər məktub yazanda qeyd edirdi ki, siz Türkiyəyə gəlin mən sizi özüm aparıb İstanbulu gəzdirəcəm və s. Amma anamgil ora gedəndə Cümşüd Cavanşir onlara deyib ki, mən sizi gəzdicə bilməyəcəm. Guya xəstədir: “Nə istəyirsiniz alın, uşaqlarınız, həyat yoldaşlarınız üçün alış-veriş edin. Xərci mən ödəyəcəm”.
Anam həmişə xüsusi ilə bu məqamı danışardı. Cümşüd Cavanşir ilk gün anamla-xalama deyib: “Amma bu evdə bir rejm, şərt var. Hər bir yeməyin öz saatı var. Yəni ki, səhər yeməyi bu saatda, günorta yeməyi bu saatda, axşam yeməyi də bu saatda yeyilməlidir. Çalışın bu yemək saatlarına gecikməyin”.
Bir gün anamgil bazarlıq edib evə qayıdıblar. Cümşüd Cavanşirin dediyi yemək saatından bir az gec idi: “Cümşüd Cavanşir qarşımıza çıxdı və dedi ki, yemək yoxdur. Mən demişdim axı yeməyin vaxtı budur! Amma bu “para”nı götürün aşağıdakı restoranda yemək yeyin. Bundan sonra isə yemək vaxtlarına gecikməyin”.

(Tahir Əliyev- Rəşid ağa Cavanşirin nəvəsi)
Xalamla anam danışırdılar ki, əmiləri Cümşüd xan Cavanşirin iki evi vardı. (5-6 mərtəbəli). Həmin evlərin birində – axırıncı mərtəbədə özü yaşayırdı. Üzbəüz evdə isə oğlu həkim Behbud Cavanşir yaşayırdı. Binanın birinci mərtəbəsində isə oğlu üçün həkim otağı hazırlatmışdı.
Mələk Cavanşir isə həmin evin 4-cü mərtəbəsində kirayə qalırdı. Onların ata-bala münasibətləri bir qədər soyuq idi…
-Daha sonra anamla xalam əmiləri Surxay Cavanşirgilə gediblər. Bir məsələni də qeyd edim ki, Surxay Cavanşirin ömrünün sonuna qədər öz evi olmayıb. Bütün həyatı boyu oteldə yaşayıb. Anamgil həmin otelin adını deyirdilər. İndi mən unutmuşam…

(Məşhur aktyor Haldun Dormenin bacısı Gülər Erenyol. Hikmet Erenyolun xanımı olub)
Cümşüd Cavanşir isə çox zəngin olub. Xalam deyirdi ki, Cümşüd Cavanşirin bahalı bir saat kolleksiyası vardı. Hətta anamın əlini sıxan zaman da saatına baxıb deyib ki, nə gözəl bir saatdır. Anam da Bakıya qayıdanda həmin saatını əmisi Cümşüd Cavanşirə hədiyyə edib.
Gununsesi.org
COMMENTS