“Həmişə fikirləşirdik ki, bizə Cavadxani soyadı necə qoyulub?” –Cavad xan nəslinin Malayziyada yaşayan davamçıları (MÜSAHİBƏ)

“Həmişə fikirləşirdik ki, bizə Cavadxani soyadı necə qoyulub?” –

Kazım Cavadxani Gəncə xanı Cavad xanın nəslinin təmsilçisidir. Təbrizdə Tibb Universitetini bitirib. 1976-ci ildə Belçikaya gedib, 6 il orada yaşayıb, beyin cərrahiyəsi üzrə təhsil alıb. 1982-ci ildə təhsilini başa vurub. Oradan Malayziyaya köçüb və orada yaşayır. Hazırda tanınmış beyin cərrahıdır. Mart ayında 72 yaşı tamam olub. 3 övladı var. 3 qardaşı Amerikada, iki qardaşı və bir bacısı isə İranda yaşayır.

Kazım Cavadxani  Hafiztimes.com-a eksklüziv müsahibəsində bir sıra maraqlı məqamlara toxunub.

Gununsesi.org həmin müsahibəni sizə təqdim edir:

– Cavad xanın nəslindən olmağımızı təxminən 10-15 il bundan öncə öyrəndik. Mənim böyük qardaşım Rza Cavadxani hazırda Amerikada yaşayır. Onu Bakıya dəvət etmişdilər. Həmin vaxta qədər biz bu barədə heç nə bilmirdik. Həmişə fikirləşirdik ki, bizə Cavadxani soyadı necə qoyulub? Bu barədə hamıdan soruşdurduq. Amma heç kəs cavab verə bilmirdi. Nəhayət, öyrəndik ki, bizim ulu babamız Cavad xan kim imiş… Mənim dostum Bakıya getmişdi, orada Cavad xan rolunu canlandıran aktyorla görüşüb. Sonra o filmi mən də izlədim.

Cavad xan kimi mərd ulu babamızın olması bizim üçün şərəfdir. Cavad xan tarixdə yaxşı bir ad qoyub. Onunla fəxr edirik.

 

– Azərbaycana gəlmək fikriniz varmı?

– Mənim burada azərbaycanlı dostum var. O, Avstraliya-Azərbaycan-Türk Dostluq Birliyinin sədri İmaməddin Qasımovdur. Sidneydə yaşayır. Mənim də iki övladım Sidneydə yaşayır. Ora gedən zaman İmaməddinlə görüşürəm. Həmişə deyirik ki, bir gün gələcək Bakıya gedib, oraları da görəcəyik, Cavad Xanın məzarını ziyarət edəcəyik. İnşallah, bir gün Azərbaycana gələcəyəm. İki il bundan öncə Avstraliyada qızımın toyu oldu. Bir türk gənclə ailə həyatı qurdu. İki həftə əvvəl bir nəvəm dünyaya gəldi.

Bakı ilə bağlı çoxlu yeni filmlərə baxmışam. Son illər Bakı çox gözəlləşib. Amma bilmirəm ki, ora necə getmək olar? Rəsmi dəvətmi olmalıdır, ya necə? Bu barədə heç nə bilmirəm.

 

– Cavad xan nəslinin başqa nümayəndələri barədə hansı məlumatınız var?

– Bildiyim qədər, Cavad xan öldürüləndən sonra orada heç kim qalmayıb. Hamısı İran tərəfə keçiblər. Atamızın adı Məhəmməd olub. Mənim 20 yaşı olanda atam vəfat etdi. Anam da uzun illər bundan öncə dünyadan köçüb. İndi Təbrizdə Cavadxanilər adlı yalnız bir nəsil var, bu da bizim nəsildir. Heç atamız da bilmirdi ki, biz Cavad xanın nəslindənik. Bizə bu barədə heç nə danışmayıblar. Mən təklif edirəm ki, biz Azərbaycana gedək və orada Cavad xanın nəslindən olduğumuzu təsdiqləyən DNT testindən keçək. Hamıya da bəlli olsun ki, biz Cavad xan nəslindənik.

Qayınatam Şahın bəy polkonik və çox savadlı bir insan idi. Bir dəfə məni yanına çağırdı və dedi ki, Bakı ilə bağlı bir ruznamə (məqalə) tapıb. Mən hələ də o məqaləni saxlayıram. Qədim zamanlarda Təbrizdə çap olunub. Orada xanların adları qeyd olub. Cavad xanın adı da var. Bax, o bizə dedi ki, sizin nəsliniz Azərbaycandandır və Cavad xana bağlıdır. Deyilənə görə, atamız Məhəmməd bəy Cavad xana çox bənzəyib.

Kazım Cavadxaninin atası Məhəmməd Cavadxani

 

Mənim böyük oğlumun hazırda 42 yaşı var, mühəndisdir. Mənim yanımda yaşayır. Qızım isə ailə həyatı qurub. Yenicə övladı dünyaya gəlib. Digər oğlum Sina isə Sidneydə yaşayır, rəqs müəllimdir. Cavad xanla bağlı onlara da məlumat vermişəm. Demişəm ki, sizin ulu babanız Azərbaycanda yaşayıb, böyük bir insan olub. Onlar da öz ulu babaları ilə fəxr edirlər. Azərbaycana getmək istəyirlər.

 

Mənim böyük oğlumun hazırda 42 yaşı var, mühəndisdir. Mənim yanımda yaşayır. Qızım isə ailə həyatı qurub. Yenicə övladı dünyaya gəlib. Digər oğlum Sina isə Sidneydə yaşayır, rəqs müəllimdir. Cavad xanla bağlı onlara da məlumat vermişəm. Demişəm ki, sizin ulu babanız Azərbaycanda yaşayıb, böyük bir insan olub. Onlar da öz ulu babaları ilə fəxr edirlər. Azərbaycana getmək istəyirlər.

– Nə yaxşı, Azərbaycan dilində danışa bilirsiniz?

– Biz həmişə evdə həyat yoldaşımla Azərbaycan-türk dilində danışırıq. Övladlarım isə daha çox ingilis dilində danışırlar. Mən Azərbaycan musiqisinə aşiqəm. Hər gün dinləyirəm.

Gununsesi.org

COMMENTS