
Prezidentin sonuncu əfv sərəncamı son illər imzalanan sərəncamlarda azadlığa çıxan məhkumların sayının az olması və heç bir siyasi məhbusun adının siyahıya daxil olmaması ilə fərqləndi. Hətta Avropa İttifaqı Azərbaycan hökumətini buna görə tənqid edən bəyanat yaydı.
Milli Məclisin deputatı Azay Quliyev Gununsesi.info-ya açıqlamasında bu barədə danışıb.
“Birincisi, Əfv komissiyasının fəaliyyəti kifayət qədər şəffaf, qəbul etdiyi qərarlar tam ədalətli, söykəndiyi prinsip isə humanizmdir. Sizi tam əmin edirəm ki, Əfv Komissiyası nə qeyd etdiyim bu prinsiplərdən, nə də ki, Əsasnaməsinin tələblərindən zərrə qədər də uzaqlaşmayıb.
İkincisi, Əfv sərancamı nə Aİ-nın, nə də hər hansı bir xarici ölkənin istəyi və tələbinə görə, və ya onları məmnun etmək üçün verilmir. Bu sərəncam yalnız və yalnız əfv olunmaq üçün bütün əsasları olan məhkum olunmuş şəxslərə yönəlik dövlətin humanizm və bağışlamaq siyasətinin təzahürü kimi qəbul olunmalıdır. Ona görə də Avropa İttifaqının əfv sərancamını tənqid etməsini yersiz, qeyri-ciddi və Azərbaycanın daxili işinə kobud müdaxilə hesab edirəm.
Düşünürəm ki, Aİ bu kimi əsassız bəyanatlara son qoymalı və ikitərəfli münasibətlərə xələl gətirməkdən çəkinməlidir”.
Deputat deyir ki, 726 nəfərin işinə baxılıbsa, bu o demək deyil ki, onların hamısı haqqında müsbət qərar qəbul olunmalı idi:
“Əfv Komissiyası qarşısına plan qoymayıb ki, mütləq şəkildə flan sayda məhbusun əfv olunmasına nail olsun və ya beynəlxalq təşkilatların saxta siyahısı əsasında və təzyiq altında kimlərisə süni şəkildə əfv siyahısına daxil etsin”.
Tam əmin ola bilərsiniz ki, həmişə olduğu kimi, bu dəfə də, kimin əfv olunmasını tövsiyə etmək mümkün idisə, edildi. Hər bir məhkumun arayışına fərdi qaydada baxıldı, humanizm və ədalət prinsiplərini əsas tutaraq müvafiq qərarlar qəbul edildi. Onu xüsusilə qeyd etməliyəm ki, bütün qərarlar demokratik və kollegial qaydada, gizli səsvermə yolu ilə qəbul edilir. Ona görə də qəbul olunan qərarların adekvat və doğru olduğuna heç kimin şübhəsi olmasın”.
Siyasi məhbuslar məsələsinə gəlincə, Azay Quliyev deyir ki, Azərbaycanda heç kim nə peşə fəaliyyətinə, nə də siyasi və dini baxışlarına görə həbs olunmur: “Ölkədə yüzlərlə jurnalist, ictimai fəal və siyasətçi tam sərbəst və maneəsiz fəaliyyət göstərir. Buna əmin olmaq üçün sosial şəbəkələrə və media resurslarına qısa nəzər salmaq kifayətdir”.
Nəzərdə tutduğunuz şəxslər, yəni Cinayət məcəlləsinin konkret maddələrinə görə saxlanılanlar və istintaqa cəlb olunanlar heç vaxt Azərbaycan hakimiyyəti üçün təhlükə və ya qorxu mənbəyi olmayıb və ola da bilməzlər. Onların bir çoxunu belə tanıyan yoxdu.
Ölkədə ildə minlərlə cinayət və ya həbs hadisəsi baş verir, lakin dediyiniz beynəlxalq qurumlar bu hadisələrə heç bir reaksiya vermir. Lakin bu qurumlar və bəzi ölkələr nədənsə bir qrup şəxsə qarşı xüsusi həssaslıq nümayiş etdirir, ölkəmizə qarşı əsassız çağırışlar edirlər.
Bunların da səbəbləri bizə məlumdur. Əlbəttə, heç kim istəməz ki, Azərbaycan vətəndaşlarından kimsə həbs olunsun. Lakin onu da unutmamalıyıq ki, hər kəs qanun qarşısında bərabərdir, heç kimin toxunulmazlığı yoxdur.
“Digər tərəfdən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmadan kiminsə əfv olunub olunmaması haqqında çağırış etmək, yumşaq desək, doğru deyil“.
Sənan Qurbanlı