Deputatdan həyəcan siqnalı: "İmişli xəstəxanasında avadanlıqlar yoxdur"

Milli Məclisin deputatı Razi Nurullayev İmişli xəstəxanasında həkim və tibbi avadanlıq çatışmazlığı ilə bağlı diqqətçəkən məqamlara toxunub.

Gununsesi.info -ya danışan deputat deyib ki, İmişli Rayon Mərkəzi Xəstəxanasında avadanlıqlar yoxdur, ixtisaslı mütəxəssislər çatışmır:

“Beş ildən artıqdır ki, parlamentdə ildə iki dəfə məsələ qaldırırıq. Təxminən 80-ə yaxın həkim çatışmazlığı mövcuddur, mövcud avadanlıqlar isə demək olar ki, yoxdur. Bu şəraitdə insanlar sağlamlığını necə qorusun?

Məsələ ilə bağlı üç dəfə rəsmi məktubla müraciət etmişəm. Ayrı-ayrılıqda Səhiyyə Nazirliyinə, TƏBİB-ə və Tibbi Sığorta Agentliyinə müraciətlər ünvanlamışam. Bundan əlavə, hər qurumla ən azı üç dəfə telefon danışığı aparmışam”.

Deputat deyib ki, bütün bu müraciətlərə baxmayaraq, problem hələ də həllini tapmayıb:

“Yalnız vədlər verilir, amma real nəticə yoxdur. Halbuki İmişli rayonunun 130 min nəfərə yaxın əhalisi var.

Bu qədər insan sağlamlığını necə qorumalıdır? İnsanlar niyə durduqları yerdə, vaxtında tibbi yardım ala bilmədikləri üçün ürək tutmasından həyatlarını itirməlidirlər? Xəstəxanada müasir avadanlıqlar və ixtisaslaşmış həkimlər mütləq olmalıdır”.

 

Şəbnəm Rəhimova

Gununsesi.info