Millət vəkili Fazil Mustafa bu gün Milli Məclisdə Azərbaycanın tanınmış tərcüməçisi Sevil Nuriyevanın (Sevil Gültən) problemini gündəmə gətirib.
Gununsesi.org “MediaPost”-a istinadla xəbər verir ki, deputat Mədəniyyət nazirinin tərcüməçinin vəziyyəti ilə maraqlanmadığını bildirib:
“Sevil Nuriyeva ingilis dilindən 50 romanı dilimizə tərcümə edib. 70-dən artıq Azərbaycan müəllifinin əsərini ingilis dilinə peşəkarlıqla tərcümə edib. Azərbaycanda yüksək peşəkarlığı olan tərcüməçi defisiti var, adam iki qız övladı ilə (bu övladlardan biri də doğuşdan fiziki qüsurludur) 59 yaşında kirayələrdə çürüyür, ölkəmizi intellektual fəaliyyəti ilə dünyada uğurla təmsil edir, kimsənin vecinə deyil. 100-dən artıq ziyalı ölkə prezidentinə onun mənzil probleminin həlli ilə bağlı müraciət edib, ümid edirəm ki, bu müraciətə yaxın zamanlarda müsbət cavab veriləcək. Ancaq düşündürücü budur ki, niyə indiyədək hər bir toy müğənnisinə (əsl sənət adamına deyil ha!) ev və ya təltif üçün müraciət edən mədəniyyət naziri ölkədə barmaqla sayılacaq bir tərcüməçinin taleyi ilə maraqlanmayıb? Nə vaxta qədər alim, yazar, tərcüməçi əsl sənət adamı bu ölkədə ali dəyərə çevrilməyəcək?”.
Millət vəkili musiqi məktəbləri ilə bağlı məsələni də gündəmə gətirib: “Eyni şey musiqi məktəbləri ilə də bağlıdır. Zabrat qəsəbəsində cəmi bir musiqi məktəbi var, onun da yerləşdiyi bina hər an uça bilər. Ərtafdakı 4 böyük qəsəbədə yaşayan insanlar uşaqlarını musiqi təhsili almaq üçün bu məktəbə gətirməlidirlər. Çıxış yolu olaraq düşünüblər ki, məktəbi Maştağada yerləşən Mədəniyyət evinə köçürsünlər. İndi təsəvvür edin, Zabrata gəlməkdə çətinlik çəkən əsasən yoxsul ailələrin uşaqları Balaxanıdan, Zabratdan, Kürdəxanıdan, Məhəmmədidən Maştağaya necə gedib-gələ biləcək?”
Məsələ ilə bağlı Mədəniyyət Nazirliyindən “MediaPost”a bildirilib ki, ehtiyac olarsa, nazirlik məsələ ilə bağlı açıqlama yayacaq:
“Fazil Mustafanın bu mövzunu gündəmə gətirməsini normal qarşılayırıq. Bu məsələni araşdırmaq üçün vaxt lazımdır”.
COMMENTS