
Aşıq Ələsgər Azərbaycan xalqının böyük sənətkarıdır. Bəziləri aşıq deyəndə, sadəcə, saz ifa edib oxuyan nəzərdə tutur. Amma elə deyil.
Ərəb aləmində şeyx, farslarda pir kimdirsə, türk dünyasında da aşıq odur. Aşıq öyüd verən el ağsaqqalı, məclisin, mərhələnin başbilənidir. Qədim türklərdə bu funksiyanı şamanlar icra edirdi.
Dədə Qorqud misalı aşıq ozan deməkdir. Peyğəmbərdən sonra aşıq gəlir. Dədə Qorquddan, Yunus İmrədən bəri saysız ozanlarımız olub.
Aşıq Ələsgərin yeri də bir başqadır. O, saz sənətinin mahir ifaçısı olmaqla yanaşı, eyni zamanda da şair və ziyalı olub.
Dinimizi, sufizmi dərindən mənimsəyib, xüsusi fitri istefada malik olan dərrakəli insan olub.
Onun məzarı bu gün Göyçə mahalında əsirdir. İnanıram ki, ən geci iki ilə biz onun məzarını ziyarət edəcəyik.
Hələlik onun Bakıda heykəli qoyuldu. Açılışda dövlət başçısı iştirak etdi. Şübhəsiz ki, heykəl barədə müxtəlif fikirlər, iradlar, təriflər deyildi. Bəziləri heykəltaraşın əvəzinə iradlar bildirdilər.
Mən bu iradları qəbul etmirəm. Çünki o heykələ irad tutan adamların heç birinin heykəltaraşlıqdan başı çıxmır.
Elə zənn edirlər ki, heykəl bir adamın sadəcə formasında büt düzəltməkdir. Əslində, bu, belə deyil. Heykəl ona baxanda şəxsiyyət haqqında təəssürat yaratmalıdır, ona baxanı düşündürməlidir, adi və bəsit, quru olmamalıdır. Fərqli, qeyri – adi çalarlar olmalıdır.
Bizim camaat Sovet dövrünün heykəllərinə öyrəşib, indi belə heykəllər onlara xor gəlir.
Bir qədər əvvəl Hacı Zeynalabdin Tağıyevin heykəli qoyulanda da “mız” qoyanlar oldu. Yəni, müasir üslubda, düşündürücü bir heykəldir.
Mən heykəltaraş olmasam da şairəm və müəyyən qədər sənətdən anlayışım var. Hətta bəzən heykəltaraş nəyisə qəsdən əskik edir ki, düşündürücü olsun. Məsələn, bu heykəldə də sazın kəməri yoxdur. Aşıqlar saz ifa adəndə sazın kəmərini çiyinlərinə keçirirlər ki, saz düşməsin.
Amma burada ifadə edilən Ələsgərin narahat ruhudur. Narahat və ekstremal vəziyyətlərdə aşıqlar sazı kəmərsiz çalırlar.
Görünür, sənətkar bunu ifadə etmək istəyib. Göyçədən didərgin salınan Aşıq Ələsgərin eli, mahalı bu gün onun məzarını ziyarət etməyə təşnədir, intizardadır.
Sanki Aşıq Ələsgər məzarından qalxıb, cuşa gəlmiş halda sazı bayraq kimi ucalara qaldırıb, eyni zamanda da ifaya hazırlaşır və bizləri çağırır…
Sənətdən anlayışı olmayanlar deyə bilər ki, niyə sazın kəməri yoxdur? Dediyim kimi, hər nöqtənin, hər cizginin, hər formanın öz mənası, öz daşıdığı mahiyyət var. Təqdirəlayiq abidədir. Bu heykəl Ələsgər Dədənin həm də müdrik el ağsaqqalı, ziyalı, müdrik ozan olmasını ifadə edir.
O, təkcə aşıq olmayıb. Aşıqlıqla onun irsini məhdudlaşdırmaq olmaz. Onun şeirləri ədəbiyyatımızın mayakı sayılacaq dərəcədə milli dəyərlərimizi, dinimizi, mədəniyyətimizi, folklorumuzu, poeziyamızı özündə təcəssüm etdirir. Mən də aşıq sənətinə yaxın adam kimi, Azərbaycan Aşıqlar Birliyinin üzvü kimi bu abidəni təqdir edirəm.
Dövlətimiz var olsun ki, belə böyük sənətgarın xatirəsi yenidən əbədiləşdi.
Tural İrfan
İlahiyyatçı-yazar
Gununsesi.info