“Bayraktar” PUA-ları daha bir ölkəyə SATILIR

  • By admin
  • 28 Avqust 2021 21:14

İraq Türkiyədən “Bayraktar TB2” zərbə tipli pilotsuz uçuş aparatlarının (PUA) alınması barədə razılığa gəlib.

 

Gununsesi.info  xəbər verir ki, bu barədə İraqın Müdafiə naziri Cuma İnad Sadun ölkənin “Əl-Şarkiye” telekanalına müsahibəsi zamanı məlumat verib.

 

Nazir Türkiyədən 12 ədəd “Atak” helikopteri, 6 ədəd “Koral” radioelektron mübarizə vasitələri alınacağını da bildirib.

 

Sadun PUA-larla bağlı “konsensusa gəldiklərini”, helikopteri almaq “niyyətində olduqlarını” və radioelektron mübarizə vasitələri “satın alma təklifini” göndərdiklərini bildirib.

 

Qeyd edək ki, Sadun keçən həftə İstanbulda baş tutan IDEF-21 müdafiə sərgisi zamanı Türkiyənin bir neçə müdafiə sənayesi şirkətinin rəsmiləri ilə görüşlər keçirib.

 

Türkiyənin “Baykar” şirkəti tərəfindən istehsal edilən “Bayraktar TB2” zərbə PUA-ları 24 saatdan çox havada qala, müşahidə apara və zərbələr endirə bilir. PUA-lar Azərbaycan, Qətər, Ukrayna və Polşa tərəfindən alınıb. “Bayraktar TB”lər Vətən Müharibəsi zamanı Ermənistan ordusunun məhv edilməsində önəmli rol oynayıb.

Gununsesi.info