Bakıda Avropa Günü qeyd edilib

  • By admin
  • 15 May 2024 23:32

Bugün Bakıda Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə “Avropa Günü” qeyd olunub.

Gununsesi.info-nun xəbərinə görə, Aİ üzvü olan ölkələrin səfirlərinin, hökumət nümayəndələtinin, siyasi partiya,vətəndaş cəmiyyəti və media təmsilçilərinin qatıldığı mərasimdə Aİ səfiri Peter Mikaloka geniş nitq söyləyib.

Səfir çıxışında deyib ki, bu gün biz Avropada yeni siyasi əməkdaşlıq forması barədə ideyanın irəli sürüldüyü Şuman Bəyannaməsinin 74-cü ildönümünü qeyd edirik ki, bu ideya Avropa ölkələri arasında müharibə haqda düşüncələrə son qoymuşdur.

Şumanın verdiyi təklif bu gün Avropa İttifaqı adlanan qurumun başlanğıcı hesab olunur. Ümumi bayrağımız altında müstəsna əməkdaşlığın yaratdığı sülh və təhlükəsizliyin ittifaqı. Mavi fonda 12 qızıl ulduzdan ibarət dairə Avropa xalqları arasında birlik, həmrəylik və harmoniya ideallarımız naminə işıq saçır.

Ancaq təəssüf ki, bu il yenə də Avropada təcavüzkar müharibənin şahidi oluruq. Ukrayna xalqı Rusiyanın qəddar təcavüzünə qarşı özünü müdafiə edir. Biz Ukraynanı bütün gücümüzlə dəstəkləyirik, Rusiyaya qarşı sanksiyaların tətbiq olunması, müdafiə qabiliyyətimizin gücləndirilməsi, enerji asılılığımızın azaldılması və daha güclü iqtisadi bazanın yaradılması baxımından birgə yanaşma tətbiq edirik”.

Səfir deyib ki,  Avropa İttifaqı 450 milyon insanın və 27 üzv dövlətin çiçəklənən birliyidir: “Bir aydan da az vaxt sonra baş tutacaq növbəti Avropa seçkiləri Aİ-nın əsaslandığı dəyərləri bizə bir daha xatırladır: qadın və kişilər arasında plüralizm, qeyri ayrı-seçkilik, tolerantlıq, ədalət, həmrəylik və bərabərliyin hökm sürdüyü bir cəmiyyətdə insan ləyaqətinə hörmət, azadlıq, demokratiya, bərabərlik, qanunun aliliyi və insan hüquqlarına, o cümlədən azlıqların hüquqlarına hörmət əsas prinsipdir.

Biz öz təcrübəmizdən vətəndaş cəmiyyəti və müstəqil medianın oynadığı rolun nə qədər önəmli olduğunu bilirik. Biz qarşılıqlı hörmət və öhdəliklərə, beynəlxalq hüquq və onun prinsiplərinə, o cümlədən ərazi bütövlüyünə hörmətə dayanan əməkdaşlığımızda etibarlı tərəfdaş olaraq tərəfdaşlarımızla və qonşularımızla münasibətlərimizdə bu dəyərləri nəzərə alırıq.

Biz hökumət, iqtisadi dairələr və ölkə üçün hörmətli tərəfdaş və təcrübə mənbəyi olan vətəndaş cəmiyyəti ilə sıx əməkdaşlıq edirik. Azərbaycanın qurumları Avropa İttifaqından ən yaxşı bilik və təcrübəni ölkəyə gətirən bir sıra Tvinninq və digər növ layihələrdən faydalanmışlar. Güclü tərəfdaşlığımız onu göstərir ki, biz birlikdə çalışmaqla dünyanın ən yüksək standartlarına nail oluruq.

Təhsil sahəsini buna misal çəkə bilərik. Rekord sayda tələbə həm Aİ, həm də Azərbaycanda Erasmus+ kimi mübadilə proqramlarında iştirak edir. Aİ tərəfindən dəstəklənən və Azərbaycan universitetləri tərəfindən həyata keçirilən əhəmiyyətli sayda layihə elm sahəsində gələcək əməkdaşlıq baxımından böyük potensial nümayiş etdirir.

Bu günlərdə biz Tərəfdaşlıq və Əməkdaşlıq Sazişimizin imzalanmasının 28 illiyini qeyd edirik. Bildiyiniz kimi, biz Azərbaycanla yeni hərtərəfli saziş üzrə danışıqları davam etdiririk, eləcə də Azərbaycanın fəal üzvü olduğu Şərq Tərəfdaşlığının 15 illiyini qeyd edirik. Gələn il Şərq Tərəfdaşlığı sammiti əlamətdar hadisə olacaqdır”.

Mikalko xatırladıb ki, bu il Azərbaycan COP29-a ev sahibliyi edən ölkə kimi iqli dəyişikliyi ilə mübarizədə qlobal səviyyədə əhəmiyyətli rol oynayır:” Bu, beynəlxalq ictimaiyyətin Azərbaycana və onun yaşıl enerji sahəsindəki fəaliyyətinə göstərdiyi hörmətin bariz əlamətidir. Azərbaycan və iqlim dəyişikliyi ilə mübarizədə dünya lideri olan Aİ birlikdə bu tədbirdən istifadə edərək, planetimizin, ətraf mühitin və gələcəyimizin qayğısına daha yaxşı qala bilər. İqlimlə bağlı fəaliyyətlər üçün dünyada ən çox maliyyə vəsaiti ayıran Aİ və ona üzv dövlətlərdir.

Biz Azərbaycanın öz bərpa olunan enerji potensialını inkişaf etdirmək öhdəliyini alqışlayırıq ki, bu da ölkənin istixana qazları və metan emissiyalarının azaldılması, eləcə də Aİ-na üzv olan bir neçə ölkə ilə əməkdaşlıq edərək yaşıl enerjini planlaşdırılmış sualtı kabel vasitəsilə Avropaya ixrac etmək planının mühüm hissəsidir. 2022-ci ilin iyulunda Avropa Komissiyasının Prezidenti Von der Leyen və Prezident İlham Əliyev tərəfindən imzalanmış Anlaşma Memorandumu ilə enerji sektorundakı strateji əməkdaşlığımız təsdiqləndi”.

Mərasimdə Azərbaycan hökuməti adından elm və təhsil naziri Emin Əmrullayev çıxış edib.

Nazir çıxışında Azərbaycanla Aİ arasında münasibətlərin tarixindən danışaraq, əməkdaşlıq münasibətlərinin mövcud durumuna nəzər salıb.

Pərviz Həşimli

Gununsesi.info