Azərbaycan Respublikasnın Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 27 aprel 2020-ci il tarixli müvafiq qərarları ilə “Atabank” ASC, “AGBank” ASC, “NBCBank” ASC və “Amrah Bank” ASC-ə müvəqqəti inzibatçılar təyin olunub.
Gununsesi.org xəbər verir ki, məsələ ilə bağlı “MediaPost”a açıqlama verən Milli Məclisin deputatı Vüqar Bayramov bildirdi ki, Mərkəzi Bank tərəfindən 4 banka müvəqqəti inzibatçının təyin olunması sözügedən bankların idarəetməsində problemin olduğundan xəbər verir:
“O banklardan biri uzun müddətdir ki, adi depozit öhdəliklərini yerinə yetirə bilmir və vətəndaşlar depozitləri geri almaqda çətinlik çəkirlər. Həmin bankların ya sağlamlaşdırılması, ya da bağlanması ilə bağlı Mərkəzi Bank tərəfindən qərarın qəbuluna ehtiyac duyulurdu. AMB-nin bu addımı 4 bankdakı mövcud vəziyyətin yenidən qiymətləndirilməsi məqsədi daşıyır. Qiymətləndirmə başa çatdıqdan sonra sözügedən kommersiya banklarının digər banklarla birləşdirilməsi və ya körpü bankın yaradılması prosesinə başlana bilər. Əgər bu banklardan hər hansı birinin sağlamlaşdırılması və konsolidasiyası mümkün olmazsa, onların lisenziyasının geri alınması ilə bağlı qərar qəbul edilə bilər. Bu məsələ uzun müddət gündəmdə olan məsələ idi, çünki bu banklardan biri praktik olaraq öz fəaliyyətini yerinə yetirə bilmirdi. Növbəti hansı addımın atılacağını isə Mərkəzi Bank müəyyənləşdirəcək”.
Millət vəkili bildirib ki, sözügedən 4 bankdan hər hansı birinin bağlanması ilə bağlı qərar qəbul edilərsə, bu, həmin bankda olan qorunan əmanətlərin qaytarılmasında hər hansı bir çətinlik yaratmayacaq:
“Yəni həmin banklardan birinin lisenziyası geri alınarsa, bu qorunan əmanətlərin tam olaraq geri qaytarılmasına imkan verəcək. Buna görə də, həmin banklarda qorunan əmanəti olan vətəndaşlarımız narahat olmasınlar. Çünki qorunan əmanətlərin Əmanətlərin Sığortalanması Fondu tərəfindən geri qaytarılması təmin olunacaq”.
Qeyd edək ki, əhalinin bütün qorunan əmanətlərinin məbləğindən asılı olmayaraq tam sığortalanması müddətinin növbəti dəfə9 ay uzadılması haqqında qanun imzalanıb.
COMMENTS