
Hazırda həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevə qarşı yeni ittiham irəli sürülüb.
Gununsesi.info xəbər verir ki, O, qanunsuz sahibkarlıq, çirkli pulların yuyulması, qaçaqmalçılıq, saxta sənədlərin hazırlanması və həmin sənədlərdən istifadədə ittiham olunur. Həmin ittihamları müstəntiq iyunun 16-da günorta saatlarında Bakı İstintaq Təcridxanasında Bəxtiyar Hacıyevə elan edib. Vəkilinin sözlərinə görə, Bəxtiyar Hacıyev ittihamları qəbul etmir və özünü təqsirli bilmir.
Yeni ittihamlar ağır cinayətlər kateqoriyasına aiddir və ictimai fəalı bu maddələrlə 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir. 2022-ci ilin dekabrın 9-dan həbsdə olan Bəxtiyar Hacıyevə indiyədək Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham olunurdu. Bu maddələrdə 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Qeyd edək ki, Bəxtiyar Hacıyev dünyanın bütün nüfuzlu Beynəlxalq Təşkilatları tərəfindən siyasi məhbus elan olunub, Azərbaycan hökumətindən onun azadlığı tələb edilib.
Ancaq buna baxmayaraq hökumət Bəxtiyar Hacıyevı həbsdə saxlamağa davam edir.
Gununsesi.info