
Ötən gün Azərbaycan Yazıçılar Birliyində mərhum kəlbəcərli şair Bəhmən Vətənoğlunun 90 illik yubileyi keçirilib.
Gununsesi.info xəbər verir ki, tədbirdə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov, Milli Məclisin Kəlbəcərdən olan deputatı Aqil Məmmədov, Yeni Azərbaycan Partiyası Kəlbəcər Rayon Təşkilatının sədri Həbib Misirov, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid və rayonun tanınmış şairləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları onunla bağlı xatirələrinin bölüşüb, məşhur şeirlərini səsləndiriblər. Bildirilib ki, yüzlərlə şeir müəllifi olan Bəhmən Vətənoğlu, vaxtı ilə Kəlbəcərdə müəllim olaraq fəaliyyət göstərsə də, yazdığı şeirlərə görə hər kəs onu şair kimi tanıyıb.
Tədbirdə çıxış edən nazir müavini Cavid Qurbanov deyib ki, Bəhmən Vətənoğlu nikbin ruhlu şair olub:
“Ancaq Kəlbəcər işğal olunduqdan sonra şairin şeirlərində nisgil, həsrət var idi. Çox şadam ki, bu tədbirdə iştirak edirəm. Bu gün onu kiçik məclislə yad edirik. Ancaq Gəncədə 90 illik yubileylə bağlı böyük tədbir təşkil olunacaq”.
Milli Məclisin Kəlbəcərdən olan deputatı Aqil Məmmədov bildirib ki, Bəhmən Vətənoğlunun Gəncədə keçiriləcək 90 illik yubileyində iştirak etməkdən məmnunluq duyar:
“Onu tək kəlbəcərlilər yox, bütün Azərbaycan tanıyırdı. Vətənə olan həsrətini sözlərə, şeirlərə tökürdü. Kaş Bəhmən sağ olaydı, Kəlbəcərin azad olunduğunu görəydi, gedib o torpağı ziyarət edəydi. Amma bu gün onun ruhu şaddır, çünki vətəni azaddır”.
AYB-nin sədr müavini Rəşad Məcid Bəhmən Vətənoğlunu şəxsən tanımasa da, onun şerlərilə böyüdüyünü vurğulayıb:
“Xalqımız onun şeirlərini heyranlıqla oxuyub, dinləyib. Yazdığı hər misra, sətr bir-birinə bağlı olub. Bəhmən də, Şücaət də Kəlbəcərin, Azərbaycanın unudulmayacaq ziyalıları, şairləridir”.




