
Bakıda Qazaxıstan Respublikasının əmtəə istehsalçılarının Azərbaycan Respublikasında iqtisadi-ticarət missiyası və birgə biznes forumu keçirilib.
Tədbirdə iki ölkənin rəsmiləri, biznes ictimaiyyətinin nümayəndələri, həmçinin media əməkdaşları iştirak ediblər.
Tədbirdə Qazaxıstanın Ticarət və İnteqrasiya nazirinin müavini Kayrat Torebayev ilk məruzə ilə çıxış edib.
İştirakçıları salamlayan nazir müavini bildirib ki, Qazaxıstan biznesinin Azərbaycana xüsusi marağı var.
O, həmçinin Azərbaycanın ölkəsində daha bir ticarət evi açmasının zəruriliyindən danışıb və bu cür tədbirlərin qarşılıqlı investisiyaları artırmaq üçün vacib olduğunu vurğulayıb.
Nazir müavinin sözlərinə görə, ölkələr arasındakı ticarət dövriyyəsi getdikcə artır.
“İki ölkə arasında 30 milyonluq yeni müqavilələr imzalanır. Bu işdə Azərbaycan Ticarət Evi də önəmli rol oynayır. Ona görə də həmçinin Almatı da daha bir ticarət evi açılmalıdır.
Ötən il ölkələrimiz arasındakı ticarət dövriyyəsi 40 faizə yaxın artaraq 461,9 milyon dollara çatıb”, – deyə K.Torebayev bildirib.
Onun sözlərinə görə, hazırda Qazaxıstanda Azərbaycan kapitallı 1024 şirkət fəaliyyət göstərir ki, bunların əksəriyyəti də kiçik biznes nümayəndələridir. Onlar sənaye, tikinti, ticarət, nəqliyyat və s. kimi sahələrdə fəaliyyət göstərirlər.
Azərbaycanda isə K.Torebayevin sözlərinə görə, 145 Qazaxıstan kapitallı şirkət fəaliyyət göstərir. O, həmçinin qeyd edib ki, qazax şirkətləri ortamüddətli perspektivdə Azərbaycana əlavə olaraq 272 milyon dollarlıq 100 növ məhsul tədarük etməyə hazırdırlar.
“Azərbaycan yüksək ticarət-iqtisadi marağın olduğu ölkədir. 23 şirkət – kimya, maşınqayırma, qida və yüngül sənaye istehsalçıları azərbaycanlı tərəfdaşları ilə danışıqların aktiv fazasına keçirlər”, – deyə K.Torebayev vurğulayıb.
Daha sonra tədbirdə Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Serjan Abdıkarimov çıxış edib.
O, bildirib ki, tezlikdə Ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın növbəti – 19-cu iclası keçiriləcək.
“Ölkələr arasında yüksək etimada əsaslanan intensiv siyasi dialoq mövcuddur. Dövlət başçılarımız mütəmadi olaraq ünsiyyətdədirlər. Bu gün biz biznesin açıq və şəffaf üsullarla aparılması üçün yeni ədalətli Qazaxıstanın qurulması yolundayıq. Biz monopoliya ilə mübarizə, korrupsiya ilə mübarizə aparır, beynəlxalq investisiyaların bizim ölkəmizə gəlməsi üçün beynəlxalq standartlara uyğun yeni qaydalar tətbiq edirik”, – deyə səfir vurğulayıb.
Səfir qeyd edib ki, Azərbaycan Qazaxıstan üçün Cənubi Qafqazda əsas ticarət-iqtisadi tərəfdaşı sayılır. Ölkələr arasında münasibətlər isə pandemiya və Azərbaycanın 44 günlük müharibədə qazandığı Böyük Zəfərdən sonra daha da möhkəmlənib. Hazırda mütəmadi olaraq pandemiya məhdudiyyətləri aradan qaldırılır, ölkələr arasında birbaşa aviaəlaqə mövcuddur ki, bu da investisiya və ticarət-iqtisadi əlaqələrin inkişafına səbəb olur.
Abdıkarimov da çıxışında son illər artan ticarət dövriyyəsinə diqqət çəkib. O, Qazaxıstan neftinin Azərbaycan vasitəsilə ötürülməsinə də münasibət bildirib. Vurğulayıb ki, sözügedən neftin həcmi artırılacaq.
“Biz Azərbaycana buğda tədarükünü artırmışıq. Ölkənin tələbatının demək olar ki, beşdə birini ödəyirik”, – deyə səfir bildirib.
S.Abdıkarimovun sözlərinə görə, hazırkı heç də sadə olmayan durumda ticarət-iqtisadi əlaqələri və investisiya sahəsində qarşılıqlı əməkdaşlığı təkcə ikitərəfli əməkdaşlıq deyil, həmçinin Türk Dövlətləri Təşkilatı və digər təşkilatlar çərçivəsində də artırmaq lazımdır:
“Azərbaycanda necə güclü inkişaf getdiyini görürük. İşğaldan azad edilmiş ərazilər bərpa olunur. Qazax biznesmenlər də bu ərazilərin yenidən qurulmasında iştirakda maraqlıdırlar”.
Növbəti çıxış isə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişaf Agentliyinin (KOBİA) İdarə Heyətinin sədr müavini Rüfət Atakişiyevin çıxışı olub.
O, vurğulayıb ki, ölkələrimiz arasındakı inkişaf edən münasibətlər həmçinin əməkdaşlıq inkişafı üçün də potensialı üzə çıxarır.
“Agentlik azad edilmiş Qarabağın bərpası işlərində iştirak etmək istəyən Qazaxıstan da daxil olmaqla yerli və xarici sahibkarlardan 1300-ə yaxın müraciət daxil olub. Azad edilmiş ərazilərdə fəaliyyətə maraq göstərən qardaş Qazaxıstandan olan sahibkarları koordinasiya etmək və lazımı istiqamətləndirməkdən məmnun olarıq”, – deyə R.Atakişiyev vurğulayıb.
AZPROMO-nun icraçı direktoru Zöhrab Qədirov da çıxışında Qazaxıstan şirkətlərindən gələn çoxsaylı müraciətlərdən bəhs edib.
Onun sözlərinə görə, bu maraq Azərbaycan və Qazaxıstanın mədəni və tarixi yaxınlığı ilə əlaqədardır.
Bununla yanaşı Z.Qədirov Xəzərin ən vacib qeyri-neft habı sayılan Ələtdəki Bakı Beynəlxalq Dəniz Ticarət Limanı barədə danışıb. O, həmçinin ölkədə Qazaxıstan kapitallı şirkətlərin artacağına , mövcud şirkətlərin isə öz biznesini daha da genişləndirəcəyinə ümid etdiyini bildirib.
Çıxışlar başa çatdıqdan sonra bir sıra sənədlərin imzalanması mərasimi baş tutub.
Sazişlər Qazaxıstandan Azərbaycana metal məhsullarının və təbəqə poladın, akkumulyatorların, qida və qənnadı məmulatlarının, eləcə də transformatorların tədarükünü nəzərdə tutub.
İmzalanma mərasimindən sonra isə hər iki ölkənin biznes ictimaiyyəti nümayəndələri arasında geniş danışıqlar aparılıb.